Pirsəid məscidi Nardaran
Abidənin adı: | “Pirsəid məscidi” (Rəhimə xanım ziyarətgahı) |
Abidənin ünvanı: | AZ1097, Bakı Şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, köhnə qəbiristanlıqda |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 136 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.333235 Y-koordinat: 50.002740 |
Abidənin tikinti tarixi: | Əsr: XIV əsr Tikinti ili: 1363-1364-cü illər |
Abidənin istifadəsi: | Ziyarətgah və nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair məlumatlar: Paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsində mövcud olan Orta əsr memarlıq yadigarlarından biri də köhnə qəbiristanlıqdakı Pirsəid məscididir. Ölkə əhəmiyyətli bu memarlıq abidəsi el arasında “Rəhimə xanım ziyarətgahı” kimi tanınır. Yerli camaatın verdiyi məlumata görə, Nardaran piri miladi tarixlə VIII əsrə aiddir.
Bu pir-kompleksdə İmam Rzanın bacısı Rəhimə xanımın qəbri yerləşib. O, xəlifələr Harun ər-Rəşid və Məmunun dövründə Azərbaycana pənah gətirən peyğəmbər övladlarındandır. Məlumatlara görə, Rəhimə xanım Nardaranda Mirabdulla adlı şəxslə ailə həyatı qurub, bu nikahdan bir övladları dünyaya gəlib.
Rəhimə xanımın qəbri üzərində hələ ta qədimdən türbə mövcud olmuşdur. Türbənin üzərindəki kitabədə yazılıb: “Bu mübarək məscidin, Allahın evinin bina olunmasına hacıların seçilmişi, dövrün yeganəsi, böyük sədr Xacə Hacı Həmzə ibn Qutlu Mahmud Şahabadi – Allah onun müvəffəqiyyətini əbədi etsin – yeddi yüz altmış beşinci ildə əmr etmişdir” (Miladi: 1363-1364). Kitabədə adıçəkilən Xacə Hacı Həmzə Şirvanşahlar dövlətində baş sədr olub. Bu vəzifə dövlətdə şirvanşahdan sonra üçüncü şəxsiyyət hesab olunurdu.
Rəhimə xanım və onun ailə üzvlərinin qəbirləri üzərində tikilmiş məscid binası əsrlər boyu qum altında qalıb, yalnız 1950-ci ildə aşkar edilərək öyrənilib. İlk əvvəl tikili iki otaqdan ibarət olub. Düzbucaqlı plana malik birinci otaq məscidə aiddir. İkinci tağ tavanlı otaq isə türbə binasıdır. Türbənin başqa yerdən qapısı yoxdur. Buraya ancaq məsciddən açılan çatmatağlı qapıdan daxil olmaq mümkündür. Məscidin tağlı qapısı eşmə ilə, kiçik baştağı isə sadə həndəsi naxışlarla haşiyələnib. Qapı üzərindəki iki parça əhəngdaşında kufi elementli süls xətti ilə kitabə həkk olunub.
1994-cü ildə Nardaran sakinlərinin vəsaiti hesabına qədim türbənin üzərində ikinci mərtəbə inşa edilib. Məscidin birinci mərtəbəsi ziyarətgah kimi saxlanılır. Məscidin iç sahəsi 30x17 metr, hündürlüyü 26 metrdir. Dörd minarənin hər birinin hündürlüyü isə 41 metrdir. Günbəzinin diametri 17, hündürlüyü isə 16 metrdir. Əsas ibadət zalı 2 günbəzə malikdir.