Respublika sarayı

Abidənin adı:

Respublika sarayı

Abidənin ünvanı:

AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül küçəsi 35

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

124 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.377706

Y-koordinat: 49.841659

Abidənin tikinti tarixi:

Əsr: XX əsr

Tikinti ili: 1962-1972-ci illər

Abidənin istifadəsi:

İlkin təyinatı üzrə istifadə olunur


Abidəyə dair tarixi məlumatlar
: Paytaxtımızın ən böyük və möhtəşəm mədəniyyət ocaqlarından biri də Heydər Əliyev Sarayıdır. Sarayın ərazisi çarizm dövründə “Pyotr meydanı” adlanıb və sovetlər zamanında Telman adına klub və Tütün fabriki yerləşib.

1960-cı ildə ərazidə genişhəcmli təsisat tikilməsi haqqında qərar verilib. 1962-ci ildə işçi qrup memarların təkliflərini müzakirə etsə də, tikilinin təyinatı ilə bağlı bir qərara gələ bilmir. Sonda kinokonsert kompleksi tikilməsi qərara alınır və inşaat prosesində “saray” adı verilir.

Bina 1972-ci ilin 14 dekabr tarixində “Lenin adına Saray” adı ilə istifadəyə verilib. 2500 nəfər tamaşaçı tutumu olan binanın rəsmi açılışı 1976-cı ildə keçirilib. Layihənin memarları Boris İ. Qinzburq, Eduard R. Melxisebekov, Vadim S. Şulqin, Vitali Faynşteyn, inşaatçılar isə E.Bode, A.Qelfat idi. Tikinti prosesinə Bakının o vaxtkı meri Əliş Ləmbəranski rəhbərlik edib.

Sarayın tikintisi başa çatdıqdan sonra aydın olur ki, onun akustikası uğurlu deyil, əks-səda yaranır. Buna görə də Moskvadan akustika mütəxəssisləri dəvət edilir. Divarların örtüyü açılır, səsin yaxşılaşdırılması üçün əlavə vasitələr quraşdırılır.

Əvvəlcə boz tuf ilə üzlənən bina 1978-ci ildə Sov. İKP MK-nın baş katibi Leonid Brejnevin Bakıya səfəri ərəfəsində ağ mərmərlə örtülür.

Bəzi mənbələrə görə, sarayda ilk konserti dünya şöhrətli müğənni, bəstəkar Müslüm Maqomayev verib, bəzilərinə görə isə sovet estradasının ulduzlarından ibarət qrup səhnəyə çıxıb.

Saray bir çox tarixi əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. 8 oktyabr 1973-cü ildə SSRİ-də ilk və son dəfə keçirilən 24-cü Beynəlxalq Astronomiya Konqresi burada gerçəkləşib. Konqresdə amerikalı kosmonavt Tomas Stafford da iştirak edib. O, 1975-ci ildə “Apollon”un sovet-amerikan ortaq uçuşuna komandirlik edəcəkdi.

1991-ci ilin sentyabrında binanın adı Respublika Sarayı, 2004-cü ilin 4 mart tarixində isə Prezident İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Sarayı olaraq dəyişdirilib. Azərbaycanın sabiq Prezidenti, ulu öndər Heydər Əliyevin 1993 və 1998-ci illərdə, Prezident İlham Əliyevin 2003 və 2008-ci illərdə andiçmə mərasimləri, 2012-ci ildə dahi şair Nizami Gəncəvinin 870 illiyi bu sarayda keçirilib.

2007-2008-ci illərdə ümumi xüsusiyyətləri qorumaq şərti ilə binada təmir-bərpa işləri aparılıb. Fasadlar üzlənib, binanın ön və arxa fasadlarında şüşədən əlavə hissələr tikilib, tamaşa zalında müasir işıqlandırma, akustika və səs sistemləri quraşdırılıb.