Rus Dram Teatrı
Abidənin adı: | "Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının binası" |
Abidənin ünvanı: | AZ1000, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 7 |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 158 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.372315 Y-koordinat: 49.840893
|
Abidənin tikinti tarixi: | Əsr: XX əsrin əvvəlləri Tikinti ili: 1916-cı il
|
Abidənin istifadəsi: | İlkin təyinatı üzrə istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Bakının teatr-konsert müəssisələrinin arasında Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının özünəməxsus yeri var. Teatrın binası XX əsrin əvvəllərində Bakı milyonçusu, tacir Hacı Həşim bəy Kərimovun sifarişi ilə o dövrkü Malakan və Praçeçnaya küçələrinin kəsişdiyi yerdə (indiki Xaqani küçəsi 7) anbar binası tikilir. Deyilənə görə, tacirin oğlu Əliheydər bəy Çinə və Yaponiyaya səfərlərindən sonra bu sadə biçimli binanı kinoteatr üçün rekonstruksiya elətdirməyə qərar verir. Bu, adi rekonstruksiya deyil, zəngin stilizasiya idi. Binanın künc hissəsi Çin-yunan üslubunda “paqoda” şəklində dizayn edilir.
26 fevral 1916-cı ildə "Mikado" adlandırılan binanın açılışı keçirilir. Binada həm teatr tamaşaları, bəzən də filmlər nümayiş olunurdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) teatr "Pel-Mel" adı ilə fəaliyyət göstərir. 1920–1924-cü illərdə teatr “Dövlət Rus Dram Teatrı” adlanır. 1924-cü ildən bina Bakı Fəhlə Teatrının istifadəsinə verilir.
1928-ci ildə binada təmir-rekonstruksiya işləri aparılır. Tikilinin memarlığına uğursuz müdaxilə olunduğundan bina zavod korpusuna və yaxud türməyə bənzəyirdi. Anbar binasının birinci mərtəbədəki qədim tağlı pəncərələrinin saxlanılması ilə ilkin memarlığı, qismən də olsa, qorunmuşdu. Zəngin yapma ornamentləri olan frontonu düzbucaqlı plan həlli əvəz etmişdi. Tikiliyə üçüncü mərtəbə də əlavə olunmuş və künc hissədə teatrın emblemi yerləşdirilmişdi.
1937-ci ildə sənət ocağı “Qırmızı Bayraq”lı Azərbaycan Dövlət Rus Dram Teatrı” adlandırılır. 1945-ci ildə də binada dəyişiklik edilmədən təmir işləri aparılır.
11 iyun 1956-cı ildə həmin ilin 27 may tarixində vəfat edən görkəmli söz ustadı, Xalq şairi Səməd Vurğunun adı Dövlət Rus Dram Teatrına verilir.
1962–1964-cü illərdə bina bütünlüklə rekonstruksiya olunur. Binanın fasadının növbəti dəyişikliyi isə 1980-ci ildə həyata keçirilir. Fasadın plastik dəyişkənliklərinə baxmayaraq, binanın ilkin bünövrəsi və xarici yükdaşıyan divarları 1991-ci ilə qədər dəyişməz qalıb. Teatrın binasında son rekonstruksiya işləri 2005-ci ildə reallaşdırılıb.
Azərbaycan və dünya dramaturgiyasının klassik nümunələrinin yüksək sənət şövqü ilə tamaşaçılara təqdim edən teatr 5 mart 2019-cu ildən “akademik” statusu ilə fəaliyyət göstərir.