Səadət Sarayının binası
Abidənin adı: | "Səadət” sarayının binası (M. Muxtarovun evi) |
Abidənin ünvanı: | AZ1000, Bakı şəhəri, Səbail rayonu M. Muxtarov küçəsi 6 |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 149 ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.368714 Y-koordinat: 49.83170
|
Abidənin tikinti tarixi: | Əsr: XX əsr Tikinti ili: 1911-1912-ci illər
|
Abidənin istifadəsi: | Mədəni maarif müəssisəsi kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Bakının gözəl memarlıq nümunələrindən olan Səadət Sarayı həm də “Murtuza Muxtarovun evi” kimi tanınır. Eyni zamanda bu binanın yaranmasının əsasında maraqlı bir sevgi hekayəsi dayanır.
Bakı milyonçusu Murtuza Muxtarov Vladiqafqaza işgüzar səfərlərinin birində osetin generalı Tuqanov və ailəsi ilə tanış olur. Generalın qızı Yelizavetanı (Liza) bəyənir və onlar ailə qururlar. Yenicə toyu olmuş cütlük Avropa səyahətinə çıxır. Venesiyada bir saray Liza xanımın çox xoşuna gəlir. Tikilinin memarlığına valeh olan M.Muxtarov qayıdandan sonra həyat yoldaşına eynən həmin saraydan tikdirməyi qərara alır.
Persidski (indiki M. Muxtarov küçəsi) və Vrangel (hazırda Ə.Cavad küçəsi) küçələrinin əks tərəfində - Aleksandr Nevski kilsəsi ilə üzbəüz ərazini alır. İlkin layihəyə görə, saray yaxınlıqda yerləşən kilsədən hündür olmalı idi. Lakin dövrün tələbinə əsasən, bina kilsədən hündür ola bilməzdi.
1911-1912-ci illərdə inşa edilən sarayın hər sütunu, tağları, buta və gülləri, pəncərə və qapıları təkrarolunmaz sənət əsəri, memarlıq incisidir. İ. Ploşko bu layihəni Şərq üslubunda tərtib etməyi düşünürdü. Lakin “İsmailiyyə” binası xoşuna gəldiyinə görə M. Muxtarov onu qotika üslubunda tikdirməyi qərara alır.
Təəssüf ki, bolşeviklərin hakimiyyətə gəlişi ilə mülk sahiblərinin əlindən alınır. Muxtarovların ailəsi və qohumları Gürcüstana gedir. Murtuza özü isə süvari dəstəni cəsarətlə qarşılayır, onları güllələyir, sonuncu gülləni isə özünə vurur... Nəticədə bina XI ordunun qərargahına çevrilir. Bir müddət sonra binada Əli Bayramov adına Qadınlar Klubu yerləşdirilir. Sonra orada Şirvanşahlar Muzeyi yaradılır. Nəhayət, bina nikah sarayı kimi istifadə olunur.
2005-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq binada təmir-bərpa işləri aparılmışdır. Bəzək elementləri yeniləri ilə əvəz olunmuş, çatlar bərpa edilmiş, zədələnmiş daşlar təzələnmişdir. Konstruksiyası bütövlükdə xüsusi “damper” sistemi ilə möhkəmləndirilib və 9 bal gücündə zəlzələyə davamlı hala gətirilib. Binanın bütün dam örtüyü sökülərək yenilənib, fəsadına xüsusi çıraq-projektorlar quraşdırılıb. İtaliya və Serbiyadan olan mütəxəssislərin iştirakı ilə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bina 2012-ci ildə istifadəyə verilib.
Bina təyinatına görə yenidən planlaşdırılıb və iki hissəyə ayrılıb. Birinci hissə işgüzar görüşlər evi, ikinci hissə isə VVAQ kimi fəaliyyət göstərir.