Təzə Pir Məscidi

Abidənin adı:

Təzə Pir məscidi

Abidənin ünvanı:

AZ1001, Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli küçəsi 7

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

173 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat 40.371707

Y-koordinat 49.828878

Abidənin tikinti tarixi:

Əsr: XX əsr

Tikinti ili: 1905-1914-cü illər

Abidənin istifadəsi:

Ilkin təyinatı üzrə istifadə olunur


Abidəyə dair tarixi məlumatlar: Bakı şəhərindəki Təzəpir məscidi təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Ziyarətgah timsallı bu əzəmətli memarlıq abidəsinin maraqlı tarixi var.

Ziyarətgahın tarixi olduqca qədimlərə, XIV-XV əsrlərə gedib çıxır. Tədqiqatlarda bildirilir ki, məscidin altında mövcud olan qəbir zəmanəsinin görkəmli alimi və övliyası Əbu Seyid Abdullaya məxsus olub. Deyilənlərə görə, peyğəmbər nəslindən olan bu şəxsiyyət böyük kəramət və fəzilət sahibi imiş. Onun haqqında Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”, Məhəmməd ibn Mahmudun “Nəfais əl-fünun” əsərlərində də məlumat verilir.

Ziyarətgahın yerləşdiyi məkan ötən əsrin ortalarına qədər "Xəlfədam" adı ilə tanınıb. Zaman keçdikcə türbə dağıntılara məruz qalsa da, insanlar onun tamamilə dağılmasına imkan verməyiblər. 1817-ci ildə sonuncu Bakı xanı Hüseynqulu xanın kürəkəni Qasım bəy türbəni əsaslı təmir etdirib. Bu bərpadan təxminən 90 il sonra imkanlı möminlərdən sayılan Nabat Xocabəy qızı Aşurbəyli-Rzayeva birmərtəbəli məscid binasının yerində yeni ibadətgahın tikintisinə başlayır. Deyilənlərə görə, Seyid Yəhya Bakuvinin nəslindən olan bu qadın belə bir məscid tikdirməyi əhd edibmiş və əhdinə sadiq qalaraq sonuncu zinət əşyasına qədər satıb binanı inşa etdirib. Türbə üzərində yeni məscid tikildiyinə görə xalq arasında bu tikili Təzəpir məscidi adlanır.

Məscid Nabat Aşurbəyli-Rzayevanın vəsaiti ilə Zivər bəy Əhmədbəyovun layihəsi əsasında 23 iyul 1905-ci ildə tikilməyə başlayıb. Nabat xanım öz vəsaiti hesabına Zivər bəyi məşhur məscidlərin mеmarlığını öyrənmək üçün Şərq ölkələrinə еzam еdir. Səyahətdən sonra Zivər bəy ona arzuladığı hündür, iki şərəfəli minarəsi olan yaraşıqlı məscidin layihəsini verir. Lakin Bakı Qubеrnator İdarəsi pravoslav ruhanilərinin fitvası ilə minarənin ancaq bir şərəfəsinin tikilməsinə razı olur. Əgər məscidin minarəsi iki şərəfəli olsaydı, həmin dövrdə yaxınlıqda tikilmiş Alеksandr Nеvski pravoslav kilsəsindən hündür olardı. Lakin qısa minarə ilə tikilməsinə baxmayaraq, Təzəpir məscidi Bakıda ən iri və möhtəşəm məscid olmaqla yanaşı, həm də şəhərə yaraşıq vеrən gözəl mеmarlıq abidəsi oldu.

Məscidin inşası başa çatmamış Nabat xanım 117 yaşında (1912) vəfat edir. Onun ölümündən 2 il sonra, 1914-cü ildə yarımçıq qalmış işini oğlu Hacı Abbasqulu Rzayеv başa çatdırır. Nabat xanım və oğlu Hacı Abbasqulu məscidin girişində dəfn еdiliblər.

Hazırda Qafqaz Müsəlmanları İdarəsi burada yerləşir. 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə məsciddə əsaslı təmir-bərpa işləri aparılıb.