Minarəli məscid

Abidənin adı:

"Minarəli məscid"

Abidənin ünvanı:

AZ0800, Balakən rayonu, Məhəmməd Əsədov küçəsi

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

207 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür )

Kartoqrafik təqdimat:

X-koordinat: 41.432790

Y-koordinat: 46.242086

Abidənin tikinti tarixi:

Əsr: XVII- XIX əsrlər

Tikinti ili: 1867-1877-ci illər

Abidənin istifadəsi:

İlkin təyinatı üzrə istifadə olunur


Abidəyə dair tarixi məlumatlar:
Balakən şəhərindəki Cümə məscidi bədii tərtibatı, memarlıq həlli və ölçüsünə görə maraqlı abidələrdəndir. Şəhərin mərkəzindəki bu minarəli məscid təkcə bölgədə deyil, bütün Azərbaycanda İslam memarlığının nadir nümunələrindən hesab olunur.

Abidənin şimal-qərb fasadında dörd yerdə ərəb dilində kitabələr yerləşdirilib. Kitabələrdə məscidin tikilmə tarixi, kimlərin təşəbbüsü ilə inşa olunduğu, binanı tikən ustanın adı, məscidin tikilməsi üçün lazım olan torpağın kim tərəfindən verilməsi haqqında və digər maraqlı məlumatlar əksini tapıb.

İlk kitabədəki qeydlərə əsasən, ibadət ocağının tikintisinə 1867-ci ildə başlanılıb və 1877-ci ildə inşası başa çatdırılıb. Qapı girişinin sağ tərəfindəki çay daşı üzərindəki süls xətti ilə yazılmış ikinci yazıda deyilir: “Hicri tarixinin XIII əsrində yaşamış bütün Balakən camaatı, hətta yüksək rütbəli, vəzifə sahibi olan şəxslər belə razılığa gəlmişlər ki, hamının arzu və istəyini nəzərə alıb qəşəng və göz oxşayan, hamının nəzər diqqətini cəlb edən bir Came məscidi tikdirsinlər”.

Sol dördbucaqlı kitabənin üzərində bu sözlər yazılıb: “Böyük Allahın köməyi ilə camaatın arzusu yerinə yetmiş, Peyğəmbərin (s) nuru ilə bu ev nurlanmış və bütün müsəlmanları özünə cəlb etmişdir. Qazi Məhəmməd Dəbir və bənna usta Ömər İlisulu Allah xatirinə məscidin sonrakı təmir işlərini görmək üçün hamını bu işdə səy göstərməyə çağırmışdı”. Çərçivənin kənarlarında isə belə bir qeyd var: “Allah günahkarı bağışlasın, məscid və onun hücrələri və eləcə də başqa tikililər üçün lazım olan torpağı Ləki bin Həllac Məhəmməd vəqf etmişdir”. Həmin kitabənin baş tərəfindəki xırda hərflərlə yazılmış misrada kitabələrin xəttatının Nəkvas Əl-Karati olduğu göstərilir.

Yazıda göstərilən Qazi Məhəmməd Dəbir XIX əsrdə Şəki-Zaqatala bölgəsində məşhur din xadimi kimi tanınıb. Usta Ömər İlisulu isə ehtimal ki, keçən əsrdə bu yerlərin kamil ustalarından olub. Bunu məscid binasının tikinti-inşaat quruluşu və memarlıq tərtibatı da sübut edir. Onun yüksək səviyyəli usta olmasını Qax rayonundan İlisu kəndinə gedən yolda, Kümrük çayı üzərində salınmış orijinal xüsusiyyətlərə malik Ulu körpüyə əsasən də demək olar.

Sovet hakimiyyətinin ilk illərindən 1947-ci ilədək anbar kimi istifadə edilən məscid həmin tarixdən təyinatı üzrə fəaliyyət göstərib. 1955, 1980 və 1996-cı illərdə məsciddə təmir işləri aparılıb. Abidədə sonuncu təmir-bərpa işləri isə 2006-cı ildə dövlət tərəfindən həyata keçirilib.