İbrahim məscidi

Abidənin adı:

İbrahim məscidi və qəbiristanlığı

Abidənin ünvanı:

AZ0900, Bərdə şəhəri, R.Səfərəliyev küçəsi, şəhər qəbiristanlığı

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

210 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat 40.380520

Y-koordinat 47.128318

Abidənin tikinti tarixi:

Əsr: XVII—XIX əsrlər

Tikinti ili: məlum deyil

Abidənin istifadəsi:

Təyinatı üzrə istifadə olunur


Abidəyə dair tarixi məlumatlar: Azərbaycan ərazisində Əhli-beyt ailəsinin, imam övladlarının dəfn olunduğu və üzərində abidələrin – imamzadələrin tikildiyi məkanlar çoxdur. Belə abidələrdən biri də Bərdə şəhərindəki dörd minarəli, bir günbəzli İmamzadə məscididir. Bu abidə müəyyən xüsusiyyətlərinə görə ölkəmizdə nadir məscid kompleksidir.

Məscid Buxaradakı “Çar minar” adlı abidə ilə, həmçinin memar Kərbəlayı Səfixan Qarabağinin XIX əsrin sonlarında tikdiyi Ağdam Cümə məscidi ilə də oxşarlıq təşkil edir. Bişmiş kərpiclə yüksək memarlıq üslubunda tikilmiş və “Məscid İmamzadə”, “Bərdə İmamzadə məscidi” olaraq da adlandırılan tikili hazırda dini mərasimlərin keçirildiyi mərkəz, həmçinin qiymətli tarix və mədəniyyət abidəsidir. Ziyarətgahda İmam Məhəmməd Baqinin qız nəvəsi Şahzadə İsmayılın qəbri yerləşir.

XII əsrdə İbrahim adlı tacir xalqın bir qəbri ziyarət etdiyini görür. Maraqlananda ona bildirirlər ki, burada İmam Məhəmməd Baqinin qız nəvəsi Şahzadə İsmayıl dəfn olunub. Bunu eşidən tacir öz hesabına qəbrin üstündə çay daşlarından günbəzli ziyarətgah tikdirir. Qeyd edək ki, bu ziyarətgah “Tacir İbrahim” adı ilə də qeyd olunur.

1868-ci ildə İmamzadə türbəsinin üstündə Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilən məscidin sifarişçisi məlum deyil. Memar Səfixan Qarabağinin Cənubi Azərbaycanın Əhər mahalında anadan olub, Şuşada dünyasını dəyişdiyi bildirilir. O, inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə Şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib. İmamzadə məscidinin kərpiclərinin fiqurlu düzülüşü, tikintidə daşla kərpicin əlaqələndirilməsi, eləcə də kaşıdan istifadəsində Bərdə türbəsinin (1322-ci ildə tikilib) təsiri görünür. Ağdamda məscid (1870), Şuşada Aşağı məscid (XIX) və Gövhərağa məscidinin bərpası (XIX əsr), eləcə də Odessada Tatar məscidi (1870), Aşqabadda "Qarabağlılar" məscidi (1880) memar Qarabağinin ən yaxşı əsərləridir.

Ətraf ərazilərdə yaşayan mömin şəxslər başqa yerlərdə vəfat etsələr də, vəsiyyətlərinə uyğun olaraq, İmamzadə məscidinin ətrafındakı qəbiristanlıqda dəfn olunublar. Məscidin 20 metr şimal istiqamətində Bəhmən Mirzə Qacar türbəsi, şərqində isə XIV əsrdə tikilmiş, lakin indi uçuqları qalmış Axsadan baba türbəsi yerləşir.

1974-cü ilədək bağlı qalan İmamzadə 1980-ci illərdən etibarən yenidən ziyarətçilərin üzünə açılıb. 1985-ci və 2014-2015-ci illərdə abidənin ətrafında müəyyən abadlıq işləri həyata keçirilmişdir.