Şah Abbas karvansarayı
Abidənin adı: | Şah Abbas karvansarayı və Uğurlu xan karvansarayı" |
Abidənin ünvanı: | AZ2000, Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi, 61 |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 183 (Şah Abbas) və 180 (Uğurlu Xan) ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.404509 Y-koordinat: 46.264028 |
Abidənin tikinti tarixi: | Əsr: XVII (Şah Abbas), XVIII (Uğurlu xan) Tikinti ili: Məlum deyil |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Gəncənin şəhər kimi inkişafı I Şah Abbasın adı ilə bağlıdır. Şəhərin tarixən formalaşmış mərkəzi hissəsinin ən vacib komponenti gəncəlilərin “Şah Abbas meydanı” adlandırdığı bazar meydanı idi.
Meydan güney-günbatandan quzey-günçıxana doğru dördbucaqlı trapesiya formasında olmaqla 500 m uzunluğunda olub. Eni isə quzey hüdudunda 65 m, əks tərəfdə isə 100 m ölçüsündə idi və böyüklüyünə görə yalnız Təbrizin bazar meydanından geri qalırdı.
Holland səyyahı Kornelius de Bruin Gəncədən “Əksəriyyəti ikimərtəbəli olan çoxlu daş evləri, geniş gözəl küçələri, ötkəm bazarları, yaraşıqlı karvansaraları, əzəmətli xan sarayı, çoxlu bağları olan... ən gözəl şəhərlərdən biri” kimi bəhs edir. Şah Abbas meydanının dörd bir tərəfi hündürlüyü 130-150 fut (40-46 m), gövdəsinin diametri 6-7 fut (1,8 - 2,1 m) olan çinarlarla çevrələnirdi.
Xarici ticarət əlaqələrinin miqyası, ətraf mahallardan və vilayətlərdən gələn karvanlar Bazar meydanının ətrafında karvansaraların tikilməsini tələb edirdi. Tarixçi Abbasqulu Bakıxanov yazırdı: "...Şah Abbasdan sonra qalan məscid və karvansaralar əzəmətli abidələrdir. Məşhur memar Şeyx Bahəddin Məhəmməd Amilinin planı üzrə tikilmişdir...".
Belə əzəmətli karvansaralardan biri də Şah Abbas karvansarasıdır. Ehtimal ki, bu karvansara Şah Abbas Səfəvinin göstərişi ilə 1606-cı ildə tikilməyə başlanılıb. Onun layihələndirilməsinə və tikintisinə şərqin ən böyük memarlarından olan Şeyx Bahəddin Amili başçılıq edib. Bişmiş qırmızı kərpiclərin həmahəng nisbətindən yaradılan yaraşıqlı ikimərtəbəli bina 1613-1614-cü illərdə istifadəyə verilib. Dövrünün səyyah və tacirlərini öz gözəlliyi ilə heyran edən karvansarada 54 tək adamlıq, 15 böyük otaq, xəlvətxana, yeməkxana, çayxana, həmçinin digər məqsədlər üçün istifadə olunan otaq, dam və anbarlar var imiş. XVII-XVIII əsrlərdə Gəncədə ən nüfuzlu karvansara olub.
Mənbələrdə deyilir ki, 1663-1664-cü illərdə Gəncə bəylərbəyi olmuş Murtuza Qulu xan Ziyad oğlunun qardaşı oğlu Uğurlu xanın vəsaiti ilə memar Şeyx Bahəddin Məhəmməd Amilinin planı üzrə bu karvansaranın yanında nisbətən kiçik həcmli karvansara tikilmiş və xan nəslinə məxsus olub.
Karvansara dövrünün əzəmətli tikililərindən olduğu üçün Uğurlu xan bu karvansaraya böyük hökmdar Şah Abbasın adını verib. Eyni dövrdə tikilmiş nisbətən kiçik həcmli karvansara isə əhali arasında "Uğurlu xan karvansarası” adlandırılıb.
Şah Abbas karvansarasının sağ tərəfində Şah Abbas məscidinə çatmamış Şah Abbas hamamı da tikilib və beləliklə, Şərq şəhərlərinə məxsus mərkəz tamamlanmış hesab olunub.
1804-cü ildə rus qoşunları Gəncəni işğal etdikdən sonra qarnizonun bir hissəsi bu tikililərdə yerləşdirilib. Həmin vaxt Şah Abbas karvansarasının baş və sol qolunun üstünə bişmiş kərpiclə bir mərtəbə də əlavə olunub.
Sovet dönəmində dövlət idarələri yerləşdirilən karvansaranın sol iç qolunun bir hissəsi dağıldığı üçün mişardaşı ilə bərpa olunub.
Karvansaralarda bərpa və əsaslı təmir işləri 2015-ci ildə başlayıb və 2019-cu ildə tamamlanıb. Karvansaraların xarici görünüşünə xələl gətirmədən 33 nömrədən ibarət mehmanxana və müvafiq xidmət sahələri yaradılıb.