Nizami məqbərəsi

Abidənin adı:

"Nizami Gəncəvinin türbəsi"

Abidənin ünvanı:

AZ2000, Gəncə şəhərinin 7 kilometrliyində, Gəncə-Yevlax şosesinin sol tərəfində

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

472 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40. 41772

Y-koordinat: 46. 255683

Abidənin tikinti tarixi:

Əsr: XX əsr

Tikinti ili: 1947-ci il

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Bəşəriyyətin bədii söz salnaməsində özünəməxsus yeri olan, dünya ədəbiyyatının günəşi hesab edilən dahi şair, mütəfəkkir Nizami Gəncəvi (1141-1209) səkkiz əsrdir dəyərli əsərləri ilə özündən söz etdirir. Görkəmli söz ustadının beş poemadan ibarət “Xəmsə”si müdriklik xəzinəsidir.

Nizami Gəncəvinin bənzərsiz yaradıcılığı əsrlərdir söz, sənət bilicilərinin diqqətini cəlb edir, onun ədəbi irsi yüksək qiymətləndirilir. XIII əsrin əvvəllərində şairin Gəncədə qəbri üzərində ucaldılmış sərdabəsi inşa olunduğu vaxtdan elm və irfan əhlinin ziyarətgahına çevrilib. Bu məkan əsrlər boyu təkcə yerli əhalinin deyil, həm də Şərqin görkəmli mütəfəkkirlərinin, həmçinin Nizamisevərlərin müqəddəs bildiyi ünvan olub.

1606-cı ildə I Şah Abbasın, 1752-ci ildə Hacı Çələbinin, 1826-cı ildə Gəncə xanlığının Şıx düzündə apardığı müharibələr nəticəsində sərdabə qismən dağılıb.

1922-ci ildə dahi şairin Gəncə şəhərinin 7 kilometrliyində, Gəncə-Yevlax şosesinin sol tərəfində yerləşən məzarı yerli ziyalılar tərəfindən bərpa olunub.

Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar Şıx düzündə arxeoloji qazıntı aparılıb və məqbərənin qədim qalıqları üzə çıxarılıb. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilib ki, Nizaminin türbəsi XIII əsrdə tikilib, ümumi sahəsi 101,12 m² təşkil edib, divarlarının qalınlığı isə 172 sm, hündürlüyü 5,2 m olub. 1947-ci ildə böyük şairin məzarı üzərində abidə ucaldılıb.

1981-ci ildə Azərbaycan SSR-in rəhbəri Heydər Əliyev tərəfindən “Azərbaycanın böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında” qərarlar imzalanıb. Bununla da “Xəmsə” ingilis, rus, alman və fransız dillərinə tərcümə və nəşr edilərək dünya xalqlarına çatdırılıb.

1981-ci ildə şairin 840 illik yubileyi dünyanın ən böyük şərqşünas və nizamişünas alimləri, eləcə də dövlət xadimlərinin iştirakı ilə söz ustadının doğma yurdu Gəncə şəhərində böyük təntənə ilə qeyd olunub.

UNESCO-nun təşəbbüsü ilə 1991-ci ildə Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyi dünya miqyasında qeyd olunub. Ölkəmiz ağır müharibə və siyasi böhran şəraitində yaşamasına baxmayaraq, Ukraynadan gətirilmiş qırmızı qranit daşlar və yerli tikinti materiallarından istifadə edilməklə ölkə əhəmiyyətli memarlıq abidəsi olan səkkizguşəli əzəmətli məqbərə yenidən qurulub.