Udulu Kurqanları

Abidənin adı:

Udulu kurqanları və kromlexi”

Abidənin ünvanı:

AZ2420, Hacıqabul rayonu, Udulu kəndi

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli arxeoloji abidə

İnventar:

1080 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.19902

Y-koordinat: 48.50465

Abidənin tikinti tarixi:

Əsr: İlk orta əsrlər

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Hacıqabul rayonunun ərazisi qədim qəbiristanlıqlar və kurqanlarla zəngindir. Ən qədim-antik qəbiristanlıqlar rayonun Udulu kəndi ərazisindədir. Ölkə əhəmiyyətli arxeoloji abidə olan bu tarix yadigarları – torpaq, daş qutu katakomba, küp qəbirlər, Tunc dövrünə aid kurqanlardan ibarətdir.

Ərazidə xəzər və alan tayfa başçılarına məxsus qəbirlərin olması bu yaşayış yerinin necə strateji əhəmiyyətə malik olduğunu göstərir. Qəbiristanlıqda ilkin müsəlman dövrlərinə aid nəhəng sal qayalardan salınmış "Şəhid daşları" mövcud olub.

Orta əsrlərə aid zəngin qəbiristanlıqların olması burada yaşayışın gur olduğunu göstərir. Xüsusilə kurqanlardan qazıntı zamanı tapılan əşyalar çox mətləblərdən xəbər verir. Buradan II əsrə aid toxucu dəzgahı, şərab küpləri, süddanlar, küplər, müxtəlif dulusçuluq materialları və silah növləri həm yüksək inkişaf etmiş sənətkarlıqdan, maldarlıq, üzümçülük və taxılçılıqdan danışmaq üçün imkan taradır.

Yanıq Qubalı kəndinin şimal tərəfində, çayın sağ sahilində, 1,6 m dərinlikdə küp qəbir aşkarlanıb. Küpün ağız hissəsi sınmış olsa da, ağız hissəsində 3 ədəd gil qab əldə olunub. Küpün içərisində də 6 ədəd gil qab aşkar olunub. Həmçinin buradan tapılan skeletin boyun hissəsindən müxtəlif muncuqlar tapılıb.

Tava kəndi ərazisində də Orta əsrlərə aid qəbiristanlıq mövcuddur. Cəngən kəndi ərazisində olan qədim qəbiristanlıqdan bir maraqlı qəbir və sərdabə qalıb. Udulu kəndində çoxlu kül və torpaq təpələri, kurqanlar, gil qabların parçaları, hətta lülə şəklində burulmuş rəngbərəng şüşələrə də rast gəlmək olur. Udulu kurqanından bir ədəd dopu (ağzı və dibi dar kiçik küpə şəklində saxsı qab) aşkar edilib. Qara rəngli dopunun boğaz hissəsi içəriyə doğru boğuq formalıdır.

Bütün bu tapıntılarda tarixi həqiqətlərin nişanələri – zərdüştilərin, alanların, skiflərin və başqalarının əlamətləri görünür.