Cavanşir Qalası
Abidənin adı: | “Cavanşir” qalası |
Abidənin ünvanı: | AZ3100, İsmayıllı rayonu, Talıstan kəndi |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 2013 (Azərbaycan SSR Nazirlər Sovetinin 27 aprel 1988-ci il tarixli 145 nömrəli qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.48547 Y-koordinat: 48.13536 |
Abidənin tikinti tarixi: | Əsr: VI-VII əsrlər Tikinti ili: Məlum deyil |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: İsmayıllı rayonu ərazisindəki qədim tarixi abidələrin böyük əksəriyyəti Qafqaz Albaniyası dövrünə aiddir. Albaniya tarixinin son dövrləri onun əsas vilayətlərindən olan Girdiman və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır.
Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən indiki İsmayıllı rayonun Talıstan kəndi ərazisində tikdirilən qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. VI-VII əsrlərin yadigarı olan qalanı Mehranilər sülaləsinə məxsus hökmdarlar idarə ediblər.
Ölkə əhəmiyyətli memarlıq abidəsindən bir qədər aralı, qalaya gedən yolun üstündə “Səngər yeri” adlı kiçik düzənlik var. Bu yerin xüsusiyyətindən və adından məlum olur ki, qalaya olan hücumların qarşısı burada alınıb. Burada ciddi müqavimətlə qarşılaşan, xeyli qüvvə itirən düşmən qalaya hücumu tam gücü ilə davam etdirə bilməyib.
Qalanın ümumi sahəsi 1,5-2 hektardır. Qala kirəc məhlulu ilə çay daşından tikilib. Qalanın qərb divarları isə uçulmuş halda olsa da, qala müdafiə xüsusiyyətini özündə saxlayıb. Qalada diametri 8 metrə çatan 6 bürc var. Qala üç tərəfdən Ağ çayın dərin keçilməz dərəsi ilə əhatə olunub. Qalaya giriş yalnız cənub tərəfdən olub və Burada eni 2,5 m olan darvaza yeri aydın görünür. Cənub divarlarının qalınlığı 2, hündürlüyü isə 10 metrdən çoxdur. Divarların üstündə bir-birindən təxminən 0,5 m aralı daraqvarı dişlər olub. Divarları möhkəmləndirmək məqsədilə bürclər tikilib. Bürclər cənub tərəfdə dördkünc, digər tərəflərdə isə dairəvi formadadır.
Cavanşir qalası əsas hissə və iç qaladan ibarətdir. Düzgün olmayan çoxbucaqlı ilə iç qala dağın ən hündür yerində tikilib. Qalanın şimal qurtaracağında eni 2 m, uzunluğu isə 50 m olan divar çıxıntısı var. İç qalanın divarları daha çox dağıntıya məruz qalıb. Qalanın şimal qurtaracağında baş müşahidə məntəqəsi yerləşir. Oradan “Səngər yeri” və ümumiyyətlə, qalaya gələn yollar aydın görünür. Qalanın şimal-şərq tərəfində gizli yol olub. Bu da uzun çəkən mühasirə zamanı qalanın xarici aləmlə əlaqə saxlamasına imkan verib. Cavanşir qalası sonrakı əsrlərdə də müdafiə əhəmiyyətini qoruyub saxlayıb. Çox güman ki, qalanı heç vaxt düşmən qüvvələr ələ keçirə bilməyib. Qalada döyüş zamanı olan dağıntı izlərinə rast gəlmək olmur.
Qaladan təqribən 7 km məsafədə, İsmayıllı rayonunun Xanagah kəndi ərazisində yerləşən “Qız qalası”na yeraltı yolun olması güman edilir.