Niyal Qalası

Abidənin adı:

Niyal Qalası”

Abidənin ünvanı:

AZ3100, İsmayıllı rayonu, Lahıc-Basqal kəndlərinin arasında

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli arxeoloji abidə

İnventar:

1168 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 2 avqust 2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X- Koordinat : 40.49418

Y- Koordinat : 48.22200

Abidənin tikinti tarixi:

Əsr: IX—XII əsrlər

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Tarixi məlumat: Azərbaycan ərazisində ən qədim qalalardan biri də Niyal qalasıdır. Mütəxəssislər abidənin inşa tarixini Erkən Orta əsrlərə – VI, bəzi mənbələrdə VII-VIII əsrlərə, hətta eramızdan əvvələ aid edirlər.

Qafqaz Albaniyası dövründə tarixi Girdiman vilayətində tikilən qala İsmayıllı rayonunun Lahıc qəsəbəsindən cənubda, Girdiman çayının sol sahilində, Niyal dağında yerləşir. Abidə adını da elə bu dağdan alıb. Lahıcdan sərt meşə yoxuşu ilə qalxıb bu müdafiə qalasına çatdıqda tikilinin strateji baxımdan əlverişli mövqedə yerləşdiyi məlum olur. Buradan nəinki Lahıc, qədim Girdiman vilayətinin geniş əraziləri, eləcə də bir qədər yüksəkdən cənubda Kür çayınadək, qərbdə Qəbələyədək, şərqdə isə Şamaxıyadək ərazilər aydın görünür. Bu, qalanın mövqeyi baxımından həm də müşahidə məntəqəsi olduğunu deməyə əsas verir. Belə bir mürəkkəb relyef şəraitində çaydaşından və kirəc məhlulundan istifadə olunmaqla tikilən Niyal qalasına əsas yol Lahıcdan olsa da, Sulut və Fit dağı tərəfdən də sərt dağlıq ərazilərdən keçməklə yetişmək olar.

X əsr ərəb tarixçisi əl-Məsudi bu tikilini "qala ən-Niyal" ("dünyada misli-bərabəri olmayan qala", "ən yaxşı möhkəmləndirilmiş qala") kimi qiymətləndirib. X əsrə aid "Hüdud əl-aləm" coğrafi traktatında da Niyal dağındakı qaladan bəhs olunur və padşaha (Şirvanşah Məhəmməd ibn Yəzid) məxsus xəzinənin Lahıcdan cənubda yerləşən Niyal qalasında saxlanıldığı yazılır.

Dəniz səviyyəsindən təxminən 1800 metr yüksəklikdə yerləşən qalanın divarlarının hündürlüyü bəzi yerlərdə 12 metrə çatır. Ölkə əhəmiyyətli tarix yadigarı olan bu nadir memarlıq nümunəsinin cəmi iki divarı, bir neçə bürcü və bəzi hissələri günümüzə qədər gəlib çatıb. Hətta bu qalıqlar istehkamın vaxtilə möhtəşəm tikili olduğunu göstərir.

Niyal qalası istiqamətində fayton yolu olub. Sonuncu Şirvan xanı Mustafa xan da qaladan müdafiə məqsədilə istifadə edib. Ona görə bu abidə eyni zamanda “Mustafa xan qalası” da adlanıb.