Buzeyir Maqarası

Abidənin adı:

"Buzeyir mağarası"

Abidənin ünvanı:

AZ4300, Lerik rayonu, Buzeyir kəndi

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli arxeoloji abidə

İnventar:

1500 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.25524

Y-koordinat: 48.45593

Abidənin tikinti tarixi:

Əsr: Daş dövrü

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Azərbaycanın cənub bölgəsinin qədim daş yaddaşının nişanələrindən biri də ölkə əhəmiyyətli arxeoloji abidə hesab edilən Lerik rayonunun Buzeyir kəndindəki eyniadlı mağaradır.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Paleolit arxeoloji ekspedisiyası 1990-cı ilin iyul-avqust aylarında Buzeyir mağarasında geniş sahədə arxeoloji qazıntı işləri aparıb. Nəticədə düşərgənin çöküntülərində müxtəlif dövrlərə aid altı təbəqə qeydə alınıb. I və II təbəqələrdə aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlərə, Tunc və Eneolit dövrlərinə aid gil qab qalıqları aşkar olunub. III təbəqədən sümük qalıqları və daş məmulatı, IV, V və VI təbəqələrdən daş məmulatı və ovlanmış heyvan sümükləri aşkarlanaraq tədqiq edilib. Arxeoloji qazıntılar zamanı mağaradan ümumilikdə 61 daş məmulatı aşkara çıxarılıb. Tapıntıların içərisində diskşəkilli nükleuslar, levallua itiucluları, düz sadə qəlpələr, qabarıq sadə qəlpələr, sınmış qəlpələr və lövhəciklər yer alıb.

Buzeyir mağarasında əldə olunan əmək alətləri Lerik rayonu ərazisində yaşamış ibtidai insanların məşğuliyyəti haqqında təsəvvür yaradır. Mağaranın tapıntıları içərisində məmulatın ikinci dəfə işlənməsinə də rast gəlinib. Buzeyir mağarasından tapılan maddi nümunələr Paleolitin Mustye dövrünə aid edilir.

Respublikamızın ilk insan düşərgələrindən biri hesab olunan Buzeyir mağarası Lerik-Buzeyir yolunun 10-cu kilometrliyində, Zuvand çayının sol sahilində yerləşir. Mağara Talış dağlarının Dəlikdaş zirvəsində, dəniz səviyyəsindən 1640 metr yüksəklikdə qərar tutur. Mağaranın uzunluğu 17 metr, eni 9-14 metr, mağara dəliyinin hündürlüyü 10 metr, torpaq çöküntüsünün qalınlığı isə 2-2,5 metrdir.