Nəzəri xanım türbəsi

Abidənin adı:

"Nəzəri xanım türbəsi"

Abidənin ünvanı:

AZ4419, Masallı rayonu, Hişkədərə kəndi ərazisində - təqribən rayon mərkəzindən 19 km aralı məsafədə

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

314 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı)

Kartoqrafik təqdimat:

X-koordinat: 38.911323

Y-koordinat: 48.688471

Abidənin tikinti tarixi:

Əsr: XIV əsr

Tikinti ili: Məlum deyil

Abidənin istifadəsi:

Ziyarətgah və nümayiş obyekti kimi istifadə olunur


Abidəyə dair tarixi məlumatlar:
Ölkəmizin cənub bölgəsi pir və ziyarətgahlarla zəngindir. Belə ziyarətgahlardan biri də Masallı rayonunun Hişkədərə kəndindəki İmamzadədir. Abidənin inşa tarixi haqqında dəqiq məlumat olmasa da, bütün arxiv sənədlərində bu tikili türbə kimi qeyd olunub. Amma kənd əhalisi tərəfindən abidə pir olaraq qəbul edilir. Yerli əhalinin inancına əsasən, türbədə dəfn olunan Nəzəri xanımın nəsil şəcərəsi 7-ci imam Museyi Kazıma gedib çıxır. Eyni zamanda burada dəfn olunan şəxsin İbrahim olduğunu zənn edənlər də vardır.

XVI əsr aid ölkə əhəmiyyətli abidənin tarixi nədənsə bəzi qeydlərdə VIII-IX əsrlər kimi qeyd edilir. Məhz bu xronoloji rəqəm aralığına əsaslanaraq mənbələr bu ziyarətgahda VII imam Museyi Kazımın nəvəsi İbrahimin məzarının yerləşdiyini söyləyirlər. Həmçinin abidənin üzərinə vurulan lövhədə də bu yazılan fikirlər öz əksini tapır. Lakin yerli əhali buranı İbrahimin qızı Nəzəri xanımın adı əlaqələndirir. Bu sonuncu fikir daha inandırıcıdır. Çünki imam nəslindən olan şəxslərin xatirəsi ilə bağlı İranın Astara şəhərində imam Museyi Kazımın nəvələri – imamzadələr İbrahim və Qasımın hərəmi sayılan ziyarətgah mövcuddur. Odur ki, Hişkədərə kəndində olan abidənin Nəzəri xanımın türbəsi olmasına şübhə yeri qalmır.

Abidə üzərində ölçmə-istehsalat işlərindən savayı, heç bir real bərpa işləri aparılmayıb. Bərpa layihəsi abidənin ilkin vəziyyətinə qaytaracaq biçimdə işlənilsə də, yerli təşəbbüskarlar 2001-ci ildə bu layihədən xəbərsiz kor-təbii təmir-inşaat işləri həyata keçiriblər. Bina sökülərək yenidən inşa olunub. İnşaatda ilkin tikinti materialından fərqli olan qırmızı kərpicdən istifadə edilib. Tikili ilə bağlı bəzi biblioqrafik sənədlər lövhə şəklində abidənin divarlarına yerləşdirilib.

Abidə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 29 sentyabr 2003-cü il tarixli sərəncamı ilə İmamzadə ziyarətgahı kimi qeydiyyata alınıb.

Razılaşdırılıb: Etibar Axundov