Surxay xan qalası
Abidənin adı: | "Surxay xan qalası" |
Abidənin ünvanı: | AZ4816, Oğuz rayonu, Filfili kəndi |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 315 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 41.126689 Y-koordinat: 47.617669
|
Abidənin tikinti tarixi: | Əsr: XVIII əsr Tikinti ili: Məlum deyil
|
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Azərbaycanın qəhrəmanlıq tarixi və memarlıq mədəniyyətinin gözəl nümunələrindən biri də Oğuz rayonunun Filfilli kəndindəki Surxay xan qalasıdır.
Qalanın ətrafındakı yaşayış evlərinin xarabalıqları bu gün də qalmaqdadır. Qala ərazisində 1965-ci ildə aparılmış arxeoloji qazıntılar zamanı məişətdə istifadə olunan çoxlu maddi mədəniyyət nümunələri, o cümlədən qazıqumuqlu Surxay xanın adı yazılmış mis cam tapılıb.
Qala XVIII əsrdə Surxay xanın göstərişi ilə tikilib. Tikili Nadir şahın Şimali Azərbaycana və Dağıstana yürüşləri zamanı dağıdılıb. Surxay xan qalası müdafiə xarakterli olmaqla xanın ailəliklə yaşaması üçün nəzərdə tutulub. Abşeronun sırf müdafiə qalalarından fərqli olaraq, Şəki-Zaqatala zonasına xas olan qala-evlər tipli bu tikili məhz müdafiə xarakterindən irəli gələrək qayalıqda, meşəlik ərazidə inşa olunub.
Ölkə əhəmiyyətli memarlıq abidəsi olan qala Yuxarı Filfilli kəndindən piyada təxminən 40 dəqiqəlik məsafədə, rayon mərkəzindən 55 km şimal-şərqdə, Xaçmaz keçidində, Qalaçayın sağ sahilindədir. Qala talanın ortasında, yaşıllıqların arasında itmiş vəziyyətdədir.
Tikilinin ətrafında mövcud olan yaşayış evlərinin qalıqları Surxay xan qalasının Son Orta əsrlərə aid qala-şəhər olduğunu deməyə əsas versə də, abidə tədqiq edilməyib.