Ulu məscid

Abidənin adı:

Ulu məscid ”

Abidənin ünvanı:

AZ3717, Qax rayonu, İlisu kəndi, İlisu kəndinin mərkəzində

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

284 ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.28120

Y-koordinat: 47.23448

Abidənin tikinti tarixi:

Əsr: XVII əsr

Tikinti ili: 1617-1618-ci illər

Abidənin istifadəsi:

İlkin təyinatı üzrə və nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: “İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələrinin biri də Ulu məsciddir. İlisu kəndinin mərkəzində yerləşən tikiliyə onun böyüklüyünə və qədimliyinə görə el arasında “Ulu məscid” adı verilib.

Abidənin divarlarında çaylaq daşı üzərində həkk edilmiş kitabələrə əsasən, demək olar ki, məscid hələ 1617-1618-ci illərdə mövcud imiş. Məscidin tikintisində çaylaq daşından, bişmiş kərpicdən və əhəng məhlulundan istifadə olunub, üstü kirəmitlə örtülüb. Düzbucaqlı plana malik binanın əsas kompozisiya oxu şimal-cənub istiqamətindədir.

Məscidin içərisi sütunlarla uzununa istiqamətdə üç bərabər hissəyə bölünüb. İbadət salonu məscidin yan divarlarındakı sivri tağlı pəncərələr vasitəsilə işıqlanır. Pəncərələri “Cəfəri” tipli şəbəkə ilə tərtib olunmuş yan divarlar, eləcə də interyer sadə görünüşlüdür. Bununla belə, memarlıq formalarının, sivri tağlar sisteminin ahəngdar biçimi interyeri xeyli canlı göstərir.

Məscidin girəcəyində, qapının üstündən və yanlarında çaylaq daşı üzərində həkk edilmiş kitabələr hörülüb. Kitabələrin üzərində bu tikilinin inşasına sərəncam vermiş şəxslər, onu inşa etmiş ustalar və nəhayət, məscidin inşa tarixi haqqında müfəssəl məlumatlar vardır. Kitabələr ərəb dilindədir və süls xətti ilə qabartma üslubunda həkk olunub.

Kitabələrə əsasən, müəyyən olunub ki, məscidin inşasına sərəncam verən İlisu sultanı Əli sultan, məscidi tikənlər isə Məhəmməd, Əli ağa və Baba adlı ustalardır.

Kitabələrdən eləcə də aydın olur ki, Ulu məscid 1700-1701-ci illərdə əsaslı sürətdə bərpa edilib. Məscidi bərpa edən və onu genişləndirən ustaların Məhəmməd Vəli, “Canay” təxəllüslü Məhəmmədxan, Yəşkəri Kurkulu Molla Həsən, Saxurbu dərviş, usta Məhəmməd Künaluy, Saxur Əbdül Vəli və ilisulu usta Übeydulla olduğu kitabələrin birində öz əksini tapıb. Digər bir kitabədə məscidin yenidən 1734-cü ildən Əli sultanın oğlu Xəlil sultanın sərəncamına əsasən, genişləndirilməsi və təmiri haqqında məlumat verilir.

1844-cü il iyun ayının 21-də İlisunu ələ keçirmiş rus qoşunları bütün kəndi dağıdıb talan etsələr də, Ulu məscid salamat qalıb. Hazırda məscid binası bərpa olunub və dindarlar tərəfindən istifadə olunur.