Alban məbədi
Abidənin adı: | “Alban məbədi” |
Abidənin ünvanı: | AZ3530, Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağının dəniz səviyyəsindən 922 metr hündürlüyündə |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 283 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 41.147617 Y-koordinat: 45.220261
|
Abidənin tikinti tarixi: | Əsr: VII əsr Tikinti ili: Məlum deyil
|
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Azərbaycanın qərb qapısı sayılan Qazax rayonu ərazisi qədim tarixi abidələrlə zəngindir. Rayonun Daş Salahlı kəndində – Avey dağının cənub zirvəsinin ən uca nöqtəsində yerləşən alban məbədi də Qafqaz Albaniyasının zəmanəmizə gəlib çatan qədim tarix yadigarlarındandır.
Dəniz səviyyəsindən 922 metr hündürlükdə olan tarixi məkan “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən mühafizə edilir.
Məbəd əvvəllər aya sitayiş etmiş bütpərəstlər tərəfindən inşa edilib və “Ay məbədi” adlandırılıb. Bunu mütəxəssislər tərəfindən arxeoloji qazıntılar zamanı tapılan küplərin üzərində əks edilmiş ay, aya sitayiş edən insan şəkillərinə əsasən söyləmək mümkündür.
Məbəd kompleksi iki tikilidən – birincisi şimal-cənub istiqamətində yerləşən düzbucaq formalı əsas böyük abidə və ikinci kiçik yardımçı tikilidən ibarətdir. Əsas tikili ikipilləli özül üzərində, qədim ay məbədinin üzərində inşa edilib. Daha doğrusu, bütpərəst məbədi xristianlığın qəbulu ilə dövrün dini tələblərinə uyğun olaraq sökülərək onun yerində xristian məbədi tikilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda abidənin aid olduğu dövr VII əsr qeyd olunsa da abidənin daxili quruluşu, onun oxşar abidələrlə müqayisəsi, buradan əldə edilmiş arxeoloji materialların təhlili onun VI əsrdə inşa olunduğunu deməyə əsas verir.
Məbədin aşağı hissəsində yerləşən, iç-içə keçərək bir neçə otaqdan ibarət olan mağaralar öz görünüşü və unikallığı ilə fərqlənir. Ölkə əhəmiyyətli memarlıq abidəsi olan məbəd qədim xristian alban əhalisinə xidmət edib.