Didevan Qülləsi

Abidənin adı:

“Didivan” qülləsi

Abidənin ünvanı:

AZ3520, Qazax rayonu, Xanlıqlar kəndi, 6 km məsafədə

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

282 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.047309

Y-koordinat: 45.280045

Abidənin tikinti tarixi:

Əsr: VI–VII əsrlər

Tikinti ili: Məlum deyil

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur


Abidəyə dair tarixi məlumatlar:
Qazax bölgəsinin qədim abidələrindən biri də rayonun Xanlıqlar kəndindəki “Didivan” qülləsidir. Onun adı linqvistikaya istinadən müxtəlif cür izah olunur. Lakin qüllənin tipoloji xüsusiyyəti ilə üst-üstə düşən ehtimalı daha doğru hesab etmək olar. Bir yanaşmaya əsasən, abidənin adının səslənmə forması “Dədəban”dır. “Dədəban” sözü “dədə evi” anlamını daşıyır. Belə ki, qüllə XX əsrin ortalarınadək el arasında ziyarətgah kimi istifadə olunub. Bu ehtimal da onun adının necə formalaşmasının müəyyən olunmasında xüsusi əhəmiyyətə malikdir.

Digər bir versiyaya görə isə “didivan” sözü fars mənşəli olub, “gözətçi məntəqəsi” anlamına gəlir.

Abidənin tarixi barədə də müxtəlif qeydlər var. Ehtimallara görə, e.ə. I minillikdə inşa olunduğu söylənilən bu gözətçi qülləsi Avey dağındakı Alban məbədi ilə birlikdə ərazinin müdafiə sistemini təşkil edib.

Qədim tikili memarlıq nümunəsi kimi ölkə əhəmiyyətli abidələr sırasındadır. Qabarıq konusvari formada olduğu üçün bəzən bu abidəni yel dəyirmanına da bənzədirlər. Lakin qüllənin daxili konstruksiyası belə bir tipoloji qurğu xüsusiyyətinin olmadığını aydın formada əks etdirir. Bu abidə İrəvandan Qazaxa səmtlənən qədim karvan yolunun kənarında Didivan dağının zirvəsində yerləşir. Söylənilən ehtimala görə, qüllənin altında gizli keçid var və bu yol ilə müəyyən istiqamətə gedib-gəlmək olur.

İri qaya parçalarından tikilən abidə Xanlıqlar kəndi yaxınlığında əsrarəngiz təbiəti ilə seçilən ərazidə ucalır. VI-VII əsrlərə aid “Didivan” qülləsi el arasında “Koroğlu” qalası da adlandırılır.

İndiyədək abidədə bərpa işləri aparılmayıb. Qüllə və ətrafında olan kompleksin bərpası və abadlaşdırılması üçün onu əhatə etmiş mühafizə divarlarının trayektoriyasına uyğun olaraq konservasiya layihə cizgiləri hazırlanıb.