Bədrəddin türbəsi

Abidənin adı:

"Şeyx Bədrəddin türbəsi"

Abidənin ünvanı:

AZ3612, Qəbələ rayonu, Həzrə kəndi

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

291 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.912969

Y-koordinat: 47.961872

Abidənin tikinti tarixi:

Əsr: XV əsr

Tikinti ili: 1446-1447-ci illər

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur


Abidəyə dair tarixi məlumatlar:
XV əsr Şirvanşahlar dövlətinin möhkəmlənmiş və mərkəzləşmiş dövrü hesab edilir. Bu dövrdə də Şirvan-Abşeron memarlıq məktəbinə məxsus bir sıra əzəmətli tikililər inşa olunub. Həmin dövrün memarlıq yadigarlarından biri də Qəbələ rayonunun Həzrə kəndindəki türbələr kompleksinə daxil olan Şeyx Bədrəddin türbəsidir.

Türbənin təxmini inşa edilmə tarixi 1446–1447-ci illəri əhatə edir. Bu tarix abidənin üzərindəki kitabələrin birində yazılıb. Kitabənin birincisində ərəb dilində türbənin Şeyx-Rəbbani Şeyx Bədrəddin Şeyx Şəmsəddin oğluna məxsus olduğu qeyd edilib. Şeyxin hicri 850-ci ildə (miladi 1446-1447) vəfat etdiyi də əlavə olunub.

Mütəxəssislər türbəni dini-xatirə tikililəri tipinə aid edirlər. Bunun da səbəbi Şeyx Bədrəddinin bölgə əhalisi üçün övliya kimi qəbul olunmasıdır. Şeyx Bədrəddin sufi müridlərindən olduğu üçün xalq arasında mistik bir şəxsiyyət sayılmış və tez-tez ziyarət olunmuşdur. Onun vəfatından sonra da xatirəsinə ehtiram əlaməti olaraq bu türbə tikilib.

Digər türbələrdə olduğu kimi, bu türbədə də sufizmə meyillilikdə nələrsə tapmaq olar. Şeyx Bədrəddin türbəsinin xarici quruluşuna baxsaq, inşa və memarlıq elementlərində təsəvvüfə bağlı olan azərbaycanlı filosof Sührəverdinin yaratdığı İşraqi fəlsəfənin elementlərini görmək olar. İşraqilik neoplatonik dünya modelinin strukturundan geniş istifadə edirdi. Yeni platonçuların metafizikasında varlığın bütün başqa pillələri Mütləq təkdən emanasiya edirdi (çıxırdı) və aşağıya doğru mərtəbə-mərtəbə sıralanırdı. Həmin memarlıq abidələrində günbəzin ən yüksək nöqtəsi Mütləq təkin işarəsinə bənzəyir, ondan aşağıdakılar isə bu nöqtədən konusvarı biçimdə yerə doğru gəlirdi və sanki varlığın işraqilikdəki aşağı qatlarını simvolizə edirdi.

Abidənin bədii-mistik dəyərindən başqa, memarlıq estetik dəyəri də vardır. Yuxarıda qeyd edildiyi kimi, türbə Şirvanşahların hakimiyyəti dövründə tikildiyinə görə Şirvan-Abşeron memarlığı traktovkasındakı inşaat prinsiplərini özündə daşımaqdadır. Əsasən də bölgə üçün yad olan inşaat məmulatı və materiallarından tikilməsidir. Türbə Abşeron karxanalarından çıxarılan sərt sıxlıqlı hamarlanmış but və ya sıx məsaməli əhəngdaşı mənşəli daş növü ilə inşa edilib və üzlənib.

Ölkə əhəmiyyətli abidə olan Həzrə türbələr kompleksi 2006-cı ildə bərpa olunub. Bərpa zamanı uzun illər abidənin daxilində və xaricində meydana gəlmiş dağıntılar və söküntülər tədqiq edilərək aradan qaldırılıb.