Şeyx Məhəmməd Türbəsi
Abidənin adı: | "Şeyx Məhəmməd türbəsi" |
Abidənin ünvanı: | AZ3612, Qəbələ rayonu, Həzrə kəndi |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 293 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.962265 Y-koordinat: 47.912052 |
Abidənin tikinti tarixi: | Əsr: XV əsr Tikinti ili: 1562-63-cü illər |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Qəbələ rayonunun Həzrə kəndində meşəlik içərisində yerləşmiş qədim qəbiristanlıqda bir neçə övliya türbəsindən biri də Şeyx Məhəmməd məqbərəsidir. Ölkə əhəmiyyətli bu memarlıq abidəsində aparılan bərpa işləri zamanı onun inşaat kitabəsi tapılıb və yenidən divara hörülüb. Kitabədə süls elementli nəsx xətti ilə yazılmış mətnin məzmunu belədir: “Bu şərəfli imarət münəvvər şeyx, Şeyx Məhəmməd ibn Şeyx Barikin işıqlı qəbri üzərində sultan oğlu sultan, Əbulmüzəffər Şah Təhmasibin hökmranlığı zamanı tikildi. 970”. Miladi təqvimlə abidənin 1562-1563-cü illərdə tikildiyi bəlli olur.
Günbəzlərin ətrafındakı XIV-XVI əsrlər qəbiristanlığının sahəsi təqribən 3,5 hektara yaxındır. Buradakı 40-a qədər sənduqənin ölçüləri ayrı-ayrı olduğu kimi, onların dövrləri də müxtəlifdir. Daş abidələr qalın meşənin içərisində əfsanəvi muzeyi xatırladır.
Tədqiqatlardan məlum olur ki, bu abidələr Şirvan-Abşeron memarlıq məktəbinə xas Şamaxı ustalarının işləridir. Sənduqələrin üslubu, kitabələrin mətni və s. Şamaxı abidələrini, ələlxüsus Kalaxana kəndində vaxtilə mövcud olmuş abidələri xatırladır.
Həzrə kəndində belə zəngin abidələrə məxsus böyük qəbiristanlığın olması XIV-XVI əsrlərdə buranın mühüm iqtisadi-siyasi və ictimai əhəmiyyətə malik yaşayış məntəqəsi, yaxud şəhər olduğunu sübut edir. Bir qrup alimin uzun müddət Həzrədə yaşayıb fəaliyyət göstərmələri, özlərindən sonra onların abidələrinin ziyarətgah olaraq xalqın xatirəsində yaşaması da qeyd olunan mərkəzin mühüm sosial-mədəni əhəmiyyətindən danışmağa imkan verir.