Şeyx Mənsur türbəsi
Abidənin adı: | "Şeyx Mənsur türbəsi" |
Abidənin ünvanı: | AZ3612, Qəbələ rayonu, Həzrə kəndi, Qaraməryəm–Şəki yolu, 16 km uzaqlıqda yerləşir |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 292 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.544315 Y-koordinat: 47.574019 |
Abidənin tikinti tarixi: | Əsr: XVI əsr Tikinti ili: Məlum deyil |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Qəbələ rayonunun Həzrə kəndindəki abidələr kompleksinə daxil olan tarix yadigarlarından biri də Şeyx Mənsur türbəsidir. Abidə Şirvan-Abşeron memarlıq üslubunda tikilib.
Türbənin inşa olunma tarixi XVI əsri əhatə edir. Həzrə kəndində meşəlik içərisində yerləşmiş qədim qəbiristanlıqda bir neçə övliya türbəsi var ki, onlardan ikisini yerli əhali pir kimi ziyarət edir. Birinci qəbirin üzərindəki sənduqədə ərəbcə belə bir yazı var: “Ən böyük xaqan, əzəmətli Sultan Şeyx İbrahimin – yüksək Allah onun hökmranlığını əbədiləşdirsin – hakimiyyəti zamanında, mərhəmətli həzrəti şeyx, Şeyx Mənsurun məqbərəsi tikilmişdir. Allah onun qəbrini nurlandırsın”.
Şeyx Mənsur türbəsinin arxa hissəsində oğlu mövlana Bəkir də dəfn olunub. Bu abidə görkəmli tarixçi alim Məşədixanım Nemət tərəfindən müəyyənləşdirilib. Onun qəbri üzərində qoyulmuş sənduqə formalı məzar daşı nəfis nəbati və həndəsi naxışlarla, eləcə də kitabə motivləri ilə işlənib.
Şeyx İbrahimin hakimiyyəti 1382-1417-ci illəri əhatə etdiyi üçün əminliklə demək olar ki, Şeyx Mənsurun oğlu Mövlana Bəkir, Şeyx Bədrəddin, Şeyx Məhəmməd və digərləri onun sufi ideyalarını Qafqazda yayaraq daha da genişləndiriblər.
Abidələrdən birinin üstünə Şeyx Mənsur, digərinə Şeyx Bədrəddin yazılıb. XIV-XV əsrlərə aid olduğu bəlli olsa da, dəqiq tarix verilmir. Lakin Şirvanşah İbrahimin adı çəkilməsi ilə onun zamanında tikildiyi aydınlaşır.
Vaxtilə karvan yolunun üstündə yerləşən buradakı yaşayış məntəqələr iqtisadi cəhətdən güclü ticarət əlaqələrinə malik olub. Eyni zamanda, bu şeyxlər yerlərdə böyük nüfuz sahibi olub, etibar qazanıblar. Deyilənə görə, hətta Şeyx İbrahim hər hansı fərmanı onlarla məsləhətləşmədən verməzmiş.
Ölkə əhəmiyyətli memarlıq abidəsi olan Şeyx Mənsur türbəsi daxildən və xaricdən səkkizguşəlidir. Üzəri səkkizguşəli-konusvari örtüyə malikdir. Üç sətirlik ərəbcə süls xəttilə yazılmış kitabəsi çatma tağlı qapı yerinin üzərində qoyulub.