Diribaba türbəsi

Abidənin adı:

Diri Baba” türbəsi

Abidənin ünvanı:

AZ3700, Qobustan rayonu, Qobustan şəhəri, şəhər mərkəzindən 2 km aralı

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

297 ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.531933

Y-koordinat: 48.942165

Abidənin tikinti tarixi:

Əsr: XV əsr

Tikinti ili: 1402-ci il

Abidənin istifadəsi:

Turizm nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: XV əsrin maraqlı və orijinal memarlıq nümunələrindən biri Qobustan rayonunun Mərəzə kəndində yerləşən Diri Baba türbəsidir. Türbə qayalıqda yerləşməsi, ümumi quruluşu və memarlıq ünsürlərinin forması cəhətdən Şirvan-Abşeron abidələri içərisində xüsusi yer tutur.

Abidə ikimərtəbəli, ağ əhəngdaşından inşa edilib. Birinci mərtəbə iki otaqdan-səkkizguşəli, günbəzli kiçik dəhlizdən və onun yanındakı çatma tağ tavanlı otaqdan, ikinci mərtəbəsi isə üzəri naxışlarla bəzədilmiş günbəzli olan dördkünc böyük salondan ibarətdir. Hazırda burada dəfn olunmuş şəxsin qəbrindən heç bir əlamət qalmayıb.

Türbə karvan-ticarət yolu üzərində yerləşdiyi və əzəmətli görünüşünə, gözəl memarlıq ünsürlərinə, üslubuna, əsrarəngiz kitabəsinə görə vaxtilə Qafqaza gəlmiş bir sıra alim və səyyahların diqqətini cəlb edib. XVII əsrin 30-cu illərində üç aya qədər Şamaxıda olmuş alman səyyah və alimi Adam Oleari Diri Baba türbəsi haqqında qısa məlumat verib. Səyyah türbənin qapısı üzərindəki altıbucaqlı medalyon içərisində ərəb qrafikası ilə yazılmış "Allah" sözünü düzgün oxumasa da, Diri Babanın Seyid İbrahimin müridi olduğunu söyləyir. A. Oleari yazır: “Şamaxının 3 milliyində yerləşmiş Pirmarasa (yəqin ki, Pir Mərəzə) kəndinə doğru 5 mil də getdikdən sonra müqəddəs Seyid İbrahimin dəfn olunduğu məqbərəyə yetişdik. Yerlilərin dediyinə görə, bura çox qədim yerdir. Teymurləng hər yeri talan edib, lakin buraya əl dəyməyib. Bura daş hasarla əhatə edilmiş iki həyətdən ibarət idi, qala kimi möhkəmləndirilmişdi. Bizim səfirliyin nümayəndələri məqbərəyə baxmaq istədilər. Lakin onları ikinci həyətə buraxmadılar. Birinci həyətdə də məzar daşları vardı”.

Diri Baba türbəsi Şirvan-Abşeron memarlığının Orta əsr Azərbaycan memarlığında inkişaf mərhələlərini aydınlaşdırmaq cəhətdən böyük əhəmiyyət kəsb edir.

Yerləşdiyi ərazi seysmoaktiv zonaya düşdüyündən təbii tektonik proseslərin təsirindən abidə tamamilə dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu amillər nəzərə alınaraq 1955-ci ildə aparılmış ölçü-tədqiqat işlərinə əsasən türbənin bərpa-konservasiya və möhkəmləndirilməsi həlli hazırlanıb və dağılmış pilləkən, fasad və digər dekor elementləri bərpa edilib.

Abidə daxilindəki konstruktiv və dekor elementləri dağıntıya məruz qaldığından onların yenidən bərpa edilməsinə səy göstərilib.