Səkinə xanım məscidi
Abidənin adı: | Səkinə xanım məscidi |
Abidənin ünvanı: | AZ1032, Quba şəhəri, Heydər Əliyev prospekti 144 |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 298 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 41.361152 Y-koordinat: 48.511626 |
Abidənin tikinti tarixi: | Əsr: XIX əsr Tikinti ili: 1854-cü il |
Abidənin istifadəsi: | İlkin təyinatı üzrə istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Quba şəhərindəki Səkinə xanım məscidi rayonun memarlıq abidələri arasında özünəməxsus yer tutur. Məscid binasının giriş portiki üstündəki epiqrafik kitabənin haşiyə hissəsində nəsx xətti ilə ərəb və fars dillərində Qurandan ayə verilib. Həmçinin kitabənin ortasında yazılıb:
“1.Həqiqətən Allaha və axirətə inananlar. Allahın məscidlərini təmir edən kimsələrdir. (Tövbə surəsi 18-ci ayədən bir parça);
2. Peyğəmbər ona salam olsun dedi. Quş qəfəsi qədər də olsa, hər kəs bir məscid tikdirsə, Allah onun üçün cənnətdə bir qəsr tikər (hədis);
3.Buna görə bu məscidi yüksək dərəcəli cənnətməkanlı Hacı Abbas Qulu xan Bakıxanovun Səkinə xanım adlı qadını.
- Allah onların hər ikisini bağışlasın. Mərhumənin vəfatından sonra 1271-ci ilin məhərrəm ayında (sentyabr 1854-cü il) tamamilə tikilib qurtardı”.
Kitabədən göründüyü kimi, məscid Azərbaycan elmi-ədəbi fikrinin inkişafına mühüm töhfələr vermiş şair, yazıçı, mütəfəkkir, tərcüməçi, ilk tarixçi alimimiz hesab edilən Abbasqulu ağa Bakıxanovun (1794-1847) vəfatından sonra onun həyat yoldaşı Səkinə xanımın vəsaiti ilə tikilməyə başlanıb. Tikili Səkinə xanımın vəfatından sonra, 1854-cü ildə tamamlanıb. Məlum olduğu kimi, A. Bakıxanov həcc ziyarəti zamanı Məkkə ilə Mədinə şəhərləri arasındakı "Fatimə" vadisində dünyasını dəyişib və orada da dəfn edilib. Güman etmək olar ki, Səkinə xanım 1853-cü ildə vəfat edib.
Məscid binasından sovet dövründə tikiş fabriki kimi istifadə olunub.1990-cı ildə və 2019-cu ildə memarlar tərəfindən ölkə əhəmiyyətli memarlıq abidəsinin bərpa layihəsi hazırlanıb.