Səkkizgüşə türbə
Abidənin adı: | Səkkizguşəli türbə (Şeyx Məzyəd türbəsi) |
Abidənin ünvanı: | AZ4032, Quba rayonu, Ağbil kəndi, Bakı-Quba-Rusiya yolu, qəbirstanlıq |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 299 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 41.25366 Y-koordinat: 48.34007 |
Abidənin tikinti tarixi: | Əsr: XVI əsr Tikinti ili: 1533-1534-cü illər |
Abidənin istifadəsi: | İlkin təyinatı üzrə istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Quba rayonundakı Ağbil türbələri Səfəvilər dövründən yadigar qalan abidələrdir. Bu abidələr Ağbil kəndində, Bakı-Quba-Rusiya yolunun şərq tərəfindəki köhnə qəbiristanlıqda yerləşir. Türbələrin yerləşdiyi qəbiristanlıqda daha qədim kurqanlar və qəbiristanlıq da var.
Bəzi mənbələrdə Ağbil kəndi XIX əsrdə Zeyid kəndindən köçüb gələnlər tərəfindən məskunlaşdığı, buna görə də “Ağbil Zeyid” adlandırıldığı bildirilir. “Ağbil” sözü “ağ” (kiçik) və “bil” (qədim bolqar dilində “türbə, məzar daşı”) komponentlərindən yaranıb “kiçik türbə, məzar daşı” deməkdir. Bu söz Xorasan ərazisində qeydə alınmış “Akməzar” toponimi ilə sinonimdir.
Kənddəki türbələr isə yerli camaat tərəfindən “Dörd Ağbil” adlandırılır. Bu da göstərir ki, kənddə vaxtilə dörd türbə olub. Sonradan o türbələrdən biri dağılıb və ya sökülüb. Hazırda həmin unudulmuş türbənin var olma ehtimalını təsdiq edən yeganə mənbə Peterburq Elmlər Akademiyasının akademiki olmuş B.A.Dornun qeydləridir. İlk dəfə bu türbələr və onların kitabələrindən bəhs edən alim öz hesabatında Ağbil türbələrindəki üçüncü bir kitabənin də adını çəkir, tarixi və “Usta Tacəddinin adı ilə” sözlərini yazır. Adı qeyd edilən bakılı memar Tacəddin Dərbənddəki bir sıra abidələrin müəllifi olub. 1935-ci ilə qədər bu türbələrdən üçü mövcud olub, bu gün isə ikisi qalmaqdadır. Kitabəsiz türbə hazırkı iki türbədən biri olan düzbucaqlı türbədir. Eyni tarixdə tikilmiş bu kitabəli türbələrdən biri günümüzə çatmamış Şah Murad türbəsi, digəri isə indi “Səkkizguşəli türbə” adlandırılan Şeyx Məzyəd (Məzid) türbəsidir.
Şeyx Məzyəd türbəsinin üç sətirlik ərəbcə əhəngdaşına həkk olunmuş kitabəsi çatma tağlı giriş qapısının üstündə yerləşdirilib: “Bu bina sultan oğlu sultan, Sultan Xəlilullah zamanında - onun sayəsi (himayəsi) yayılsın – Əş- şeyx ər-Rəşid Şeyx Məzyəd ibn Sufi Rəfiəddinin (qəbri) üzərində doqquz yüz qırxıncı il tarixində tikilmişdir”. Göstərilən hicri tarixi miladi təqvimlə 1533-1534-cü illərə təsadüf edir. Bir sıra tarixçilər isə abidənin inşa tarixini hicri təqvimlə 944-cü il (1537-1538) kimi də qeyd ediblər. Türbənin içərisində kitabəsi olmayan sənduqə mövcuddur.
Mənbələrə əsasən, bu türbə 1935-ci ildən əvvəl dağılmağa başlayıb. B.A. Dornun qeydə aldığı kitabə portalın daxilində, kvadratşəkilli türbənin qapısının üstündə 1,23 x 0,48 m ölçülərindəki daş lövhədə də hicri təqvimlə 940 il göstərilib. Türbələrin eyni tarixdə tikilməsi nəzərə alınaraq onların bir memar tərəfindən inşa edildiyi ehtimal olunur.