Şeyx Cuneyd Məscidi

Abidənin adı:

"Şeyx Cüneyd türbəsi "

Abidənin ünvanı:

AZ3819, Qusar rayonu, Həzrə kəndi

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

304 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.505157

Y-koordinat: 48.247943

Abidənin tikinti tarixi:

Əsr: XVI əsr

Tikinti ili: 1544-cü il

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur


Abidəyə dair tarixi məlumatlar: Azərbaycan ərazisində bir-birindən uzaq məsafədə yerləşən dörd abidə monumental Səfəvi türbələrinin əsas qrupunu əmələ gətirir. Bunlar Şeyx Cəbrayıl, Şeyx Cüneyd, Şahzadə Hüseyn və Mövlana Həsən Kaşi türbələridir.

Şeyx Cüneyd türbəsi Qusar rayonunun Həzrə kəndində qədim qəbiristanlığın yaxınlığında yerləşir. Bu kəndin də öz adını Şeyx Cüneydin "Həzrət" ləqəbindən aldığı ehtimal olunur. Abidənin günbatan istiqamətdə yerləşən qapısı üzərindəki kitabədən hicri 951-ci ilin (1544-45) axırlarında I Şah Təhmasibin hökmdarlığı dövründə onun vəziri Xacə Fəxrəddin Əhmədin Ağa Məhəmməd tərəfindən tikdirildiyi qeyd olunub. Türbədə Səfəvi şeyxlərindən biri, Şah İsmayıl Xətainin babası, Ərdəbil hakimi Şeyx Cüneyd dəfn edilib. O, 1460-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə Samur çayı sahilində baş vermiş döyüşdə məğlub edilib və həlak olub. Bu barədə A.Bakıxanov yazırdı: "Səfəviyyə xanədanının təbəsəranlı tərəfdarlarından bir dəstə camaat onun (Şeyx Cüneydin) nəşini Samur çayının sol tərəfində, Qıpçaq kəndinin yaxınlığında olan müharibə meydanından çıxarıb Quba və Qülhan nahiyəsinin Quruyan (indiki Həzrə) kəndində basdırdılar".

I Şah Təhmasib Şirvanı son dəfə olaraq Azərbaycana birləşdirdikdən sonra onun qəbri üzərində məscid-türbə tikdirilib. XVI əsrdə Şeyx Cüneydin məzarının qalıqlarının Ərdəbilə aparılması barədə də məlumat verilir.

Şeyx Cüneyd türbəsi planda hər tərəfi 7,23 metr ölçüyə malik olan kvadrat formalı tikilinin hər dörd divarında qapı yeri var. Qərb, şərq və cənubdan qapılar 4,67 m enə və 2,90 m dərinliyə malik böyük portal içərisində yerləşdirilib. Fasadların kompozisiya elementinin bir hissəsi olan bu cür böyük portallar daxildə köməkçi otaqlar kimi istifadə edilən kiçik künc otaqlarının yaranmasına gətirib çıxarıb.

Türbənin divarları daxildə 1,42 m hündürlükdə kvadrat formalı, şahmat formasında düzülmüş mavi və qara-bənövşəyi rəngli kaşı plitələrlə üzlənib. Kaşılar aşağı keyfiyyətlidir və onların üst təbəqəsi çatlarla örtülüb. İnteryerin təyinedici detalı, kvadrat formalı həcmdən günbəzə keçidi təmin edən stalaktitlərdir. Stalaktit kəmərin hündürlüyü 4 metrdir. Yuxarı stalaktit sırası üzərində daxildən tağvarı görünüşə malik günbəz yerləşir. Divarların şirli kaşı lövhələrlə üzlənmiş aşağı hissələri istisna olmaqla, stalaktitlər də daxil, bütün digər divar səthi gəclə üzlənib.

Türbəyə şimaldan bitişən tikili sonradan inşa edilib. 1960, 1970 və 2008-ci illərdə abidədə bərpa işləri aparılıb.