Beşbarmaq qalası

Abidənin adı:

Beşbarmaq qalası”

Abidənin ünvanı:

AZ5315, Siyəzən rayonu, Zarat kəndinin yaxınlığında

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli arxeoloji abidəsi

İnventar:

1700 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.57221

Y-koordinat: 49.13557

Abidənin tikinti tarixi:

İlk Orta əsr

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Beşbarmaq qalası Bakı-Şabran yolunun 87 kilometrliyində Zarat kəndi yaxınlığında yerləşir. Qala ilk orta əsrlərdə Beşbarmaq müdafiə səddinin üzərində, eyniadlı dağın ətrafında istehkam olaraq tikilib. Qalanın qalıqlarına Xıdırzində pirinin (Beşbarmaq dağı) qərb və cənub-şərq hissəsində rast gəlmək mümkündür. Ərazidə müşahidə apardıqda qala divarlarının necə yerləşməsini müəyyən etmək olur.

Tanınmış alim və səyyah Adam Oleari 1636-cı ildə Dərbənddən Şamaxıya gedərkən karvan yolunun üstündə olan “Barmax” dağı haqqında maraqlı məlumat verir. Səyyah buradakı Orta əsr karvansarasını nəzərdə tutaraq yazır ki, biz bura çatan kimi dağın dibindəki “açıq” həyətə daxil olduq. Adam Oleari yerli əhalinin “karvansara”, “sığınacaq” adlandırdığı bu cür həyətlərin bu ölkədə lap çox olduğunu göstərir. Səyyah həmçinin qeyd edir ki, bu karvansara kvadratşəkilli böyük daşlardan tikilmiş çox qədim binadır. O, dördkünc formada tikilib və hər divarın uzunluğu 42 addımdır. Ertəsi gün əcnəbi qonaq bir neçə yoldaşı ilə Beşbarmaq dağına qalxır. Dağın Xəzər dənizindən iki muşket gülləsi məsafədə olduğunu göstərən müəllif yazır: “Dağdakı köhnə divar uçuqlarının xarabalarına əsasən belə bir qənaətə gəlmək olar: burada güman ki, əlli bir bina və yaxşı istehkam varmış. Uca barmaq qayasının ətəyində əlli kvadrat sajen böyüklüyündə düz bir yer var ki, buranı qalın divarlar və dörd qüllə əhatə edir”.

Səyyah deyilənlərə əsasən, Beşbarmaq qalasının Makedoniyalı İsgəndər tərəfindən tikildiyini, Teymurləng tərəfindən dağıdıldığını göstərir. Holland səyyahı Yan Streys isə “Səyahət” kitabında yazır ki, ayın 5-də (1666-cı il) Parmax və ya Barmax dağının yanından ötdük. Bu dağ dənizin yaxınlığında olub, ağ və qara neftin yerdən fəvvarə vurub axması ilə məşhurdur. Dağın başında güclü qalalar varmış, Xəzər dənizini və ətraf torpaqları bu yandan qoruyarmış, hələ də enli divarların və dairəvi meydançaların nişanələri və özülü görünməkdədir, onların arasında qazıldıqdan sonra içi daşla hörülmüş quyular qalmaqdadır.

Alban tarixçisi Moisey Kalankatuklu Beşbarmaq səddinin Sasani padşahı II Yezdəgirdin dövründə (V əsr) çəkildiyini göstərir. Beşbarmaq köçərilərin qarşısını almaq üçün çəkilmişdi. Beşbarmaqda qala və karvansara da mövcud olub.

Bu tarixi abidə “Xəzər sahili mühafizə konstruksiyaları” daxilində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan maddi-mədəni irsin ilkin siyahısına daxil edilib.