Türbələr kompleksi

Abidənin adı:

Türbələr kompleksi”

Abidənin ünvanı:

AZ5601, Şamaxı şəhəri, Kələxana kəndi, məzarlıq

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4961 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.589058

Y-koordinat: 48.601376

Abidənin tikinti tarixi:

Əsr: XVII əsr

Tikinti ili: Məlum deyil

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur


Abidəyə dair tarixi məlumatlar: Şamaxı qədim abidələr diyarı kimi tanınır. Şamaxı şəhərindən 6 km aralıda, Kələxana kəndi yaxınlığında məzarlıq ərazisindəki türbələr kompleksi də bu zənginliyin bir hissəsini təşkil edir. Əvvəllər mövcud olmuş doqquz türbədən hal-hazırda səkkizi qalıb. Bir türbə, demək olar ki, tamamilə dağılıb, yalnız divar qalıqları mövcuddur.

El arasında “Yeddi günbəz” adlanan türbələr bir çox səyyahların və tədqiqatçıların diqqətini özünə cəlb edib. XVIII əsrin əvvəllərində Şamaxıda olmuş, holland səyyahı Karnelius De-Bruin, Kələxana türbələrini “Yeddi günbəz” adlandıraraq abidələrin qısa memarlıq təsvirini qələmə alıb. O, yeddi deyil, doqquz məqbərənin mövcud olduğunu qeyd edib.

Türbənin üzərindəki ərəb dilində kitabədə deyilir: "Bu məqbərə, mərhum, bağışlanmış, Uca Allahın rəhmətinə möhtac Cəlgəri şeyxlərindən Şeyx İsrafil oğlu Əmir Əhmədin oğlu Şeyx İbrahimindir". Tikintiyə rəhbərlik edən, "Sərkar Əmir Əlinin oğlu, Allahın rəhmətinə ehtiyacı olan Əbdül Əzimdir". Tarix: "Min yetmiş dörd" Miladi tarixi ilə 1663/1664-ci il”.

Bu türbələr haqqında müxtəlif rəvayətlər olub. XX əsrin əvvəllərində "Azərbaycanı Öyrənən Cəmiyyət" tərəfindən ərazidə tədqiqat işləri aparılıb. Tədqiqat işlərinə rəhbərlik edən V.M.Sısoyev bu rəvayətlər və tədqiqatlar haqqında 1927-ci ildə çap olunmuş məqaləsində məlumat verib. Rəvayətdə deyilir ki, guya Makedoniyalı İsgəndər Hindistan səfərindən dönərkən bu ərazilərdən keçir və bəzi səbəblər üzündən ona məxsus xəzinəni burada basdırır. Rəvayət bütün Qafqazda yayıldığı üçün müxtəlif insanlar bu yerlərə gələrək xəzinə axtarıblar... Sonradan kənd əhalisi bu yerləri tərk edir. Bu ərazilər ruslar tərəfindən zəbt edilir və kəndə başqa ölkələrdən erməni əhalisi köçürülür. Ərazidə aparılan tədqiqat zamanı xəzinə və də hamam aşkar olunmayıb. Qazıntı zamanı əvvəllər açılıb qarət olunmuş sərdabələr, məişət əşyaları, Səfəvilər dövrünə aid gümüş və mis sikkələr aşkar edilib.

Yerli əhəmiyyətli memarlıq abidəsi olan türbələrin ölçü cizgilərinə uyğun olaraq abidələrin bərpa layihəsi əsasında Xüsusi Elmi Bərpa İstehsalat İdarəsi tərəfindən bərpa işləri gerçəkləşdirilib. 3 və 8-ci türbələrin çadırvarı örtüyünün, tökülmüş üzlük daşlarının, türbəni əhatə edən dağılmış divarların və türbənin qarşısındakı portalın dam hissənin tökülmüş üzlük daşlarının bərpası həyata keçirilib. 4-cü türbədə də çadırvarı örtüyün tökülmüş üzlük daşları bərpa olunub. Digər türbələrdə də, qismən də olsa, bərpa işləri aparılıb.