Türbə

Abidənin adı:

Türbə (“Ağ Günbəz”)

Abidənin ünvanı:

AZ0600, Ağsu rayonu, Qaraqoyunlu kəndi

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4086 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.3311

Y-koordinat: 48.1745

Abidənin tarixi:

Əsr: XX əsr

Tikili tarixi: 1909-cu il

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur


Abidəyə dair tarixi məlumatlar: Ağsu rayonunun Qaraqoyunlu kəndindəki Türbə (Ağ günbəz) nəqşibəndi-sufi məktəbinin yerli rəhbərlərindən olan Hacı Hüseyn əfəndiyə məxsusdur. Sənədlərdə bu şəxsin adı Hacı Hüseyn əfəndi Şəkəristani Qaraqoyuni Şirvani kimi verilir. O, Şirvan nəqşibəndi-sufi məktəbinin rəhbəri Şeyx Əhməd əfəndinin fəaliyyət göstərmək üçün icazə (diplom) verdiyi xəlifələrindəndir. Hacı Hüseyn əfəndi Şirvan xanlığı Sərdərin mahalının Şəkər kəndində (Göyçay rayonu) 1824-cü ildə anadan olub.

Mürşidi 1855-ci ildə Tambova sürgün edilərkən Hacı Hüseyn əfəndi sufizm sahəsində fəaliyyət göstərmək üçün hazır idi. O, müəlliminin həm zahiri, həm də batini təhsil görmüş qızı Hacı Gülpəri ilə ailə qurmuşdu. Həmin dövrdə sufi şeyxlərinin təqib olunması ilə əlaqədar uzun müddət sufizm sahəsində fəaliyyət gizli həyata keçirilirdi. Səbəb, Dağıstan və Çeçenistanda nəqşibəndi-sufi məktəbinə məxsus olan müridlərin Şeyx Şamil nümunəsində liderlik fəaliyyəti və ruslarla müharibə aparan Osmanlı imperiyasında həmin sufi məktəbinin üstünlük təşkil etməsi idi. Lakin 1856-cı ildə Krım müharibəsi, 1859-cu ildə Qafqaz müharibəsi başa çatır. İmperiyanın radikal siyasətində yumşalma və yerli nüfuz sahibləri ilə razılaşma nəzərə çarpmağa başlayır.

Beləliklə, Hacı Hüseyn əfəndinin sufizm sahəsində fəaliyyəti genişlənir. 1863-cü ildə Hacı Hüseyn əfəndi Bərgüşad dairəsinin İncə kəndində (Göyçay rayonu) yaşayır və təsəvvüfi fəaliyyətlə məşğul olurdu. Qaraqoyunluda fəaliyyət göstərən digər nəqşibəndi mürşidi Hacı Qəhrəman bəyin vəfatından sonra Şirvan müridlərinin əksəriyyəti yenidən Hacı Hüseyn əfəndi ətrafında toplaşır. Odur ki, o, türbəsindəki kitabədə "nəqşibəndiyyə təriqətinin şeyxi, arif, ali (şəxslərin) qütbü" kimi vəsf edilib.

1880-ci ildə dünyasını dəyişən Hacı Hüseyn əfəndi öz yerinə qardaşı Hacı Süleyman Ustadın fəaliyyət göstərməsini vəsiyyət edib, ailəsini və kitablarını ona yadigar qoyub. Hacı Hüseyn əfəndi Qaraqoyunlu kəndində Nazırçay sahilində dəfn edilib. Qəbri üzərində 1897-ci ildə türbə ucaldılıb. Lakin çayda sel sularının artması nəticəsində kəndin ümumi qəbiristanlığı zərər çəkib. Odur ki, 1907-1909-cu illərdə şeyxin oğlu Hacı Mustafa şah tərəfindən qəbrin və türbənin yeri dəyişdirilib. Xıdırlı müridlərinin Ələtdən gətirdiyi ağ əhəngdaşından bakılı memar Xələf tərəfindən türbə (Ağ günbəz) kompleksi inşa edilib.