Kiçik məscid Nardaran

Abidənin adı:

"Kiçik məscid"

Abidənin ünvanı:

AZ1097, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Asəf Zeynallı küçəsi

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

3224 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.556971

Y-koordinat: 50.006351

Abidənin tikinti tarixi:

Əsr: XVII əsr

Tikinti ili: 1686-1687-cı illər

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi İstifadə olunur


Abidəyə dair tarixi məlumatlar:
Bakı şəhəri Sabunçu rayonunun Nardaran kəndi Səfəvilər dövrünün yadigarları olan abidələrlə zəngindir. Kəndin Qum məhəlləsindəki Kiçik məscid də bu abidələrdən biridir.

1686-1687-ci illərdə məhəllə məscidi kimi inşa olunan abidə düzbucaqlı plan quruluşu və tağ tavan örtüyü ilə Abşeronun qədim dini tikililərinin memarlıq kompozisiya xüsusiyyətlərini özündə əks etdirir. Bu tipli məscidlər yarımadada XV əsrdən sonra geniş yayılıb.

Məscid binasının qərb divarında, giriş qapısının üstündə ərəb dilində epiqrafik kitabədə dörd sətirlik yazı diqqəti cəlb edir. Kitabədə deyilir: “Bu məscidin tikintisi Süleyman şah Sultanın oğlu qalibiyyətli və xoş hakimiyyətli Heydər əl-Səfəvi-əl-Musəvi titullu, Allah onun hakimiyyətini uzun etsin. Gilanlı Hacı Ramazan ben Həmzə bəyin göstərişi ilə inşa olunmuşdur. 1098 (1686-1687). Süleyman I Səfəvi”.

Məscidin Hacı Ramazan tərəfindən inşa edilməsi, onun “Hacı Ramazan məscidi” kimi də tanınmasına səbəb olub. Ümumiyyətlə, məktəb-məscidin tikinti texnikasının və bir sıra detallarının yüksək səviyyədə yerinə yetirilməsi Nardaranın XVII əsrdə Abşeronda artıq aparıcı tikinti mərkəzlərindən olduğunu bir daha sübut edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda yerli əhəmiyyətli bu memarlıq abidəsinin dövrü XVIII əsr kimi qeyd olunsa da, mənbələr üzrə araşdırmalar məscidin XVII yüzillikdə tikildiyini göstərir.