Kilsə

Abidənin adı:

“Kilsə”

Abidənin ünvanı:

AZ1514, Göytəpə qəsəbəsi, Ələt-Astara-İran yolu, Qurtuluş küçəsi, Kənd məktəbinin yanı

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4177 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 39.113270

Y-koordinat: 48.596469

Abidənin tarixi:

Əsr: XIX əsr
Tikinti ili: 1878-ci il

Abidənin istifadəsi:

Mədəni maarif müəssisəsi kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Tarixi mənbələrin yazdığına görə, Rusiya imperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını işğal etdikdən sonra yerlərdə özünə dayaq yaratmaq üçün bölgəyə 250 mindən çox rus ailəsi köçürüb. Onlar Bakı, Gəncə və digər bölgələrdə yerləşdirilib. Rusların köçürüldüyü bölgələrdən biri də indiki Cəlilabad (keçmiş Astarxanbazar) rayonunun ərazisidir. Buradakı bir sıra yaşayış məntəqələrinin adları (Astarxanovka, Tatyanovka, Nikalayevka, Petrovka, Privolnaya, Mixailovka və s.) rus mənşəlidir.

Əraziyə köçürülən rus ailələri üçün münbit torpaqlar ayrılır, onlara yerli əhaliyə münasibətdə müxtəlif güzəştlər edilirdi. Vaxtilə “Prişib” adlanan ərazinin adı da 1840-cı illərdə Astarxan quberniyasının Prişib kəndindən sürgün olunmuş kazaklarla bağlıdır. Köçürülən əhalinin provaslav dininə mənsub olduqları üçün bu ərazilərdə kilsələr tikilməyə başlanıb.

Cəlilabad rayonunun Göytəpə (keçmiş Prişib) qəsəbəsində XIX əsrə aid rus provaslav dininə məxsus kilsə də bununla bağlıdır. Göytəpədəki kilsə 1878-ci ildə inşa olunub. Əvvəl həmin yerdə balaca taxtadan olan bir kilsə tikilir. Amma bu bina rusların kütləvi şəkildə ibadət etmələri üçün darısqal olduğundan, kərpicdən yeni bir kilsə binasının tikilməsi qərarı alınır.

Kilsənin inşasında Qafqazın general-qubernatoru böyük knyaz Mixail Romanov və knyaginya Aleksandra Fyodorovnanın mühüm rolu olub. Bu ibadət ocağına “Müqəddəs Olqa kilsəsi” adı verilib.

Sovet dövründə digər məscid, kilsə və sinaqoqlar kimi bu kilsə də dindarların üzünə bağlanıb. Bir müddət sonra isə hərbçilərin ixtiyarına verilib və hərbi anbar, daha sonra məktəb anbarı kimi istifadə edilib. 1973-cü ildən tikili bağlı olub.

XX əsrin 90-cı illərin əvvəllərində Azərbaycanda yaşayan əksər rusların Rusiyaya qayıtmaları, həmçinin Göytəpə pravoslav kilsəsinin dindarlar tərəfindən istifadə edilməməsi səbəbindən, kilsə Mədəniyyət Nazirliyinin sərəncamına verilib.

Ölkə əhəmiyyətli memarlıq abidəsi olan kilsədə 1995-1999-cu illərdə bərpa-istehsalat işləri aparılıb.