Məbəd və Kilsə


Abidənin adı:

"Məbəd və Kilsə (Çiçərəvəng monastırı)"

Abidənin ünvanı:

AZ1613, Daşkəsən rayonu, Bayan kəndi

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4181 və 4184 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.549985

Y-koordinat: 46.149439

Abidənin tarixi:

Əsr: Məbəd - XV əsr
Tikinti ili: Kilsə - 1863-cü il

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Daşkəsən rayonunun Bayan kəndi Qafqaz Albaniyasının Uti əyalətinin Girdman bölgəsinin ən qədim yaşayış məskənlərindən biridir. E.ə. IV-III minillikdən başlayaraq Bayan təkcə hazırkı regionun deyil, həm də bütün Cənubi Qafqazın əhalisi çox olan kəndlərindəndir.

Kəndin ətrafında yerləşən və günümüzə qədər gəlib çıxan qədim qəbirlər, çoxsaylı qəbiristanlıqlar, eləcə də monastırlar, kilsələr, ocaqlar, müqəddəs ziyarət yerləri, xatirə kompleksləri, karvansaralar, körpülər, yaşayış evləri və çoxəsrlik alban mədəniyyətinə məxsus digər maddi sübutlar bunun canlı şahidləridir.

Bayan kəndi üç tərəfdən seyrək meşə və qayalıqlarla əhatələnərək Kür çayının qolu olan Quşqara çayının sol sahilində, dəniz səviyyəsindən 1000-1100 metr yuxarıda, cənub-şərqə istiqamətlənən iki dağ yamacında yerləşir. Kənd bir neçə yaşayış məhəllələrindən ibarətdir. ХХ əsrdə kəndin inkişafı və genişlənməsi, yeni yaşayış evlərinin tikintisi ilə əlaqədar Quşqara çayının sağ sahilindəki əraziyə iki yeni məhəllə də əlavə olunub.

Bəzi tarixi mənbələrdə monastırın, kəndin və bütünlükdə bölgənin tarixi haqqında məlumat verən əlyazma mətnlərin mövcud olması qeyd edilir. Bu yazılarda ХVII- ХVIII əsrlərin tarixi hadisələri, müharibələri, o dövrün hökmdarları və knyazları, epidemiyaları və təbii fəlakətləri barədə məlumat verilir. Məsələn, onların birində 1461-ci ildə baş verən hadisələr haqqında belə bir məlumat var: “Cahan şah bir çox ölkələri işğal etdikdə...”. Digər qeyddə 1784-cü ildə gürcü çarı İraklinin Gəncəyə hücumu barədə yazılır. O zaman Bayan kəndi işğal edilib və yandırılıb. 1811-ci ildə vəba xəstəliyi amansızcasına dağ kəndlərinin, o cümlədən də Bayan sakinlərini məhv edib. Sağ qalan sakinlər müvəqqəti olaraq Kiçik Bayan kəndində məskunlaşıblar.

Məbədin plan və kompozisiya həllərinin təhlilləri, eləcə də hörgü xüsusiyyəti və materialı bu tikilinin inşa tarixinin Son Orta əsrə aid edilməsinə əsas verir. Abidə haqqında əldə olunan məhdud tarixi məlumatlar bu tikilinin Erkən Orta əsr dövrünə, daha dəqiq desək, alban memarlığının ərəblərdən sonrakı inkişaf dövrünə aid edilir.

Tarixi qaynaqların, epiqrafik yazıların tədqiqi və abidənin memarlıq təhlili böyük kilsənin 1863-cü ildə inşa edilməsi barədə fikir söyləməyə əsas verir. Tikinti tarixi XV əsrə aid edilən kiçik məbədin isə alban memarlığı abidələri sırasına aid olmasını ehtimal etmək olar.