Körpü

Abidənin adı:

"Körpülər (1,2,3 nömrəli körpü)"

Abidənin ünvanı:

AZ3412, Gədəbəy rayonu, Səbətkeçməz və Düzyurd kəndləri

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4244, 4245, 4246 ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.529661

Y-koordinat: 45.728353

Abidənin tikinti tarixi:

Əsr: XIX əsr

Tikinti ili: 1879-cu il

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur


Abidəyə dair tarixi məlumatlar:
Kiçik Qafqazın orta və yüksək dağlıq qurşağında yerləşən Gədəbəy rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən və əsrarəngiz təbiətə məxsus bölgələrindən biridir.

Ərazidəki qədim mədəniyyət abidələri Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olub. Rayonun zəngin təbii iqlim şəraiti, əhəmiyyətli faydalı qazıntı yataqları, o cümlədən qara və ağ mərmər, mis, qızıl, firuzə yataqları vardır.

Gədəbəydə XIX əsrin 60-cı illərindən XX əsrin 20-ci illərinədək milliyyətcə alman məşhur “Siemens qardaşları”na məxsus olan mədən-zavod kompleksi fəaliyyət göstərib. Həmin dövrdə Qafqazda ilk elektrik stansiyası, Azərbaycanda ilk elektroliz laboratoriyası, ilk sənaye tipli dəmir yolu, Dəllər-Gədəbəy neft kəməri, Gəncə-Gədəbəy teleqraf xətti, Gədəbəy-Şəmkir şose yolu və s. istifadədə olub.

Gədəbəy rayonunda XIX əsrin ikinci yarısında “Siemens qardaşları”nın orada fəaliyyət göstərdiyi dövrdə tikilmiş müxtəlif təyinatlı binalar özünəməxsus memarlıq üslubu ilə diqqəti cəlb edir. Məlum dövrün tikililərindən məktəb, mədəniyyət sarayı, misəritmə zavodunun inzibati binası, müxtəlif yaşayış binaları, daş döşəməli yollar Avropa memarlığının Azərbaycandakı təzahürü adlandırıla bilər. Həmin tikililərin bir qismi sovet hakimiyyətinin ilk dövrlərində dağıntılara məruz qalsa da, əksəriyyəti indiyədək həm inzibati, həm də yaşayış təyinatında istifadəyə yararlıdır. Gədəbəy rayonunda əksər dövlət idarələri XX əsrin 60-cı illərinədək məhz həmin binalarda yerləşib.

“Siemens qardaşları” 1864–1914-cü illərdə Gədəbəydə yaratdığı və idarə etdiyi mis mədən-zavod kompleksinin fəaliyyəti dövründə eyniadlı yerdə tikilən müxtəlif təyinatlı binalar, maraqlı memarlıq quruluşuna məxsus körpülər olub. Həmin illər Gədəbəy və Qalakənddə mis sənayesi fəaliyyət göstərib. Mis mədənindən zavoda qatarla gətirilən xammal burada əridilib. İstehsal zamanı yaranan tullantılar isə yenə qatarla kənar ərazilərə aparılıb. Həmin tullantı “şlak curuf” adlanırdı və ondan indiyədək hörgü işlərində istifadə olunmaqdadır.

Mədənlə zavod arasındakı məsafədə relyefin hamar olmamağı həmin yerlərdə dəmir yolu xətti üçün Gədəbəy mis mədənlərinə uzun illər sahiblik etmiş “Siemens qardaşları” tərəfindən 30-dək kiçik körpü inşa edilməsi zərurətini ortaya çıxarmışdı. Çünki relslərin çəkilməsi üçün lazımi yol şəraiti yalnız bu körpülər vasitəsilə mümkün idi. Körpülərdən indi də yaxşı vəziyyətdə qalanları var.

Gədəbəy mis mədənlərinə 50 ilədək sahiblik etmiş milliyətcə alman – Simens qardaşları və onların rəhbərlik etdiyi eyniadlı firma tərəfindən salınmış körpülər onlarladır.