Çökək Hamam

Abidənin adı:


Hamam (Çökək Hamam)


Abidənin ünvanı:

Gəncə şəhəri, H. Əliyev prospekti


Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

3870 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.403914

Y-koordinat: 46.213000

Abidənin tarixi:

Əsr: XVll əsr
Tikinti ili: 1606-cı il

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən hesab edilən Gəncə şəhərinin tarixi abidələrindən biri də dörd əsrdən çox yaşı olan Çökək hamamdır. 1606-cı ildə şəhərdə Cümə məscidinin inşasından bir müddət sonra memar Şeyx Bahəddin Məhəmməd Amil həmin il məscidin yaxınlığında hamamın tikintisinə başlayıb. I Şah Abbasın əmri ilə tikildiyi üçün bu hamama el arasında “Şah Abbas hamamı” da deyirlər. Adı bir çox mənbələrdə “Məscid hamamı” olaraq da keçən tikili sonralar oranı işlədən şəxsin adı ilə “Hacı Ələkbər hamamı” kimi də tanınıb.

Binanın "Çökək hamam" adlandırılması texniki quruluşdan irəli gəlir. Suyun təzyiqini təmin etmək üçün hamam çökəkdə inşa edilib. Tikilinin altındakı zirzəmi isə qızdırıcı soba rolunu oynayır. Belə ki, su qızdırılan zaman qazanın altında yandırılan odunun tüstüsü zirzəmiyə yönəldilir, buxar vasitəsilə hamamın altının və divarlarının qızdırılması təmin edilirdi. Digər tərəfdən isti su da kirəmit borularla divarın içərisindən dolanma yollarla istifadə nöqtəsinə çatdırılırdı.

Hamamın tikintisində qırmızı kərpic və yumurtanın ağı, gil və əhəng qarışığından istifadə edilib. Şah Abbas meydanına daxil olan hamamların hər biri tağlı günbəzlərlə örtülüb. Hamamın üstündə 2 böyük və 1 kiçik günbəz var. Böyük günbəzlərin qırağında ventilyator rolu oynayan yarımgünbəzlər tikilib ki, onlardan ventilyasiya boruları divarların içərisindəki məkana doğru ayrılır.

Bina iki iç-içə zaldan ibarətdir: mərkəzində çarhovuz və fəvvarə olan əsas zal istirahət üçün, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulub. Zirzəmidə iki buxar qazanı yerləşirdi. Divarlarda və hamamın döşəməsində quraşdırılmış keramik borularla buxar zallara ötürülürdü. Buxar bərabər ölçüdə dövr edir və bütün otaqları qızdırırdı. Dörd yüz illik tarixi olan bu sistem 1963-cü ilədək mükəmməl işləyib. Bir giriş qapısı olan hamamın arxa tərəfdən tunelə oxşar yolu mövcuddur.

Yerli əhəmiyyətli bu memarlıq abidəsi 2013-cü ildə təmir olunub. Restavrasiya zamanı tikilinin tarixi orijinallığının saxlanılmasına diqqət yetirilib. Bərpa işləri köhnə kərpiclə aparılıb. Abidənin aşınan hissələri, həmçinin dam örtüyü, demək olar ki, yenidən bərpa olunub.