Kukla teatrı
Abidənin adı: | Gəncə Dövlət Kukla Teatrının binası |
Abidənin ünvanı: | AZ 2000,Gəncə şəhəri, Əhməd Cəmil küçəsi 4/105 |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 3832 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.401496 Y-koordinat: 46.213565 |
Abidənin tarixi: | Əsr: XIX əsr
Tikinti ili: 1885-ci il |
Abidənin istifadəsi: | Mədəniyyət müəssisəsi kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Azərbaycanda mövcud olan Lüteran kilsələrindən biri də Gəncə şəhərində yerləşir. 1804-cü ildə Gəncə xanlığının Rusiya tərəfindən işğal olunmasından sonra Gəncə şəhəri 1918-ci ilədək imperator I Aleksandrın həyat yoldaşı imperatriça Yelizaveta Alekseyevnanın şərəfinə “Yelizavetpol” adlanırdı.
Azərbaycan Rusiyaya birləşdirildikdən sonra Yelizavetpol quberniyasına Almaniyadan köçkünlər gəlməyə başladı. Onlar regionda bir neçə koloniya yaradaraq quberniya mərkəzində də məskunlaşmışdılar. Məsələn, 1893-cü ildə Yelizavetpolda 103 alman ailəsi yaşayırdı.
1885-ci ildə alman icması tərəfindən toplantıların keçirilməsi məqsədilə ibadət üçün bina da tikilmişdi. Eklektika memarlıq üslubunda ucaldılan binanın tikintisində əsasən tuf daşından istifadə olunmuşdu. Bir zal, bir foye və 15 otaqdan ibarət olan binanın ümumi sahəsi 650 kvadratmetrdir. 1915-ci ildə kirxanın binası pravoslavların ixtiyarına verilmişdi.
II Dünya müharibəsi zamanı almanların köçürülməsi prosesinə başlanıldı və kilsə 1941-ci ildə fəaliyyətini dayandırdı.
Hazırda ölkə əhəmiyyətli memarlıq abidəsi olan binada Gəncə Dövlət Kukla Teatrı fəaliyyət göstərir. 2013-cü ildə binada təmir işləri aparılıb. Tikilinin daxilində həyata keçirilən bərpa işləri zamanı abidənin əsas kompozisiyasına, üslubuna toxunulmayıb.