Türbələr
Abidənin adı: | "Türbələr (Əsgər ağa Gorani türbəsi)" |
Abidənin ünvanı: | AZ2000, Gəncə şəhəri, İ. Qayıbov küçəsi 66, Səbizkar qəbiristanlığında |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 3966 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.669062 Y-koordinat: 46.351016 |
Abidənin tarixi: | Əsr: XIX əsr
Tikinti ili: 1910 |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Tanınmış yazıçı, aktyor, teatrşünas, tərcüməçi və jurnalist Əsgər ağa Adıgözəlov (Gorani, 1857-1910) mədəniyyət tariximizdə silinməz izlər qoyan maarif xadimlərindəndir. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği bəyin nəvəsi olan Əsgər ağa Bakı şəhər gimnaziyasını qızıl mеdalla bitirib. Moskvada Pеtrovski-Razumovski adına Kənd Təsərrüfatı Akadеmiyasının məzunu olub. O, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə bağlı çalışmalarında ona yaxından kömək göstərib, sonralar da qəzetlə mütəmadi əməkdaşlıq edib. Ə. Gorani bеş il Gəncə Şəhər Bələdiyyə İdarəsinin rəisi, şəhərdəki Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib. Gəncədə öz vəsaiti hesabına qız məktəbi açıb.
Ə. Gorani 1910-cu ildə dünyasını dəyişib və Gəncə şəhərinin Səbzikar qəbiristanlığında dəfn olunub. Həmin il onun məzarı üzərində türbə inşa edilib.
Abidənin memarının adı bəlli olmasa da, onun təhsilli, professional olması şübhə doğurmur. O, türbənin fasad elementlərini mavritan (Qərb) memarlığı üslubunda tərtib edib.
Türbənin bütün fasadları eyni kompozisiya quruluşa malikdir. Binanın simmetriya oxu üzərində iri nalvarı tağ, onun yan tərəflərində isə iki ədəd oxvarı tağ türbənin tektonik quruluşunu təyin edir. Nalvarı tağ iki ədəd pilyastr tipli sütunun üzərindədir. Bu tağlar yuxarı tərəfdən daha iri bir tağla birləşdirilib. Türbənin başlığı Mavritaniya xarakterli maşikullarla bəzədilib. Baxmayaraq ki, abidə tipoloji cəhətdən Aran memarlıq məktəbinin kubşəkilli türbələr sinfinə aiddir. Dekorativ baxımdan mavritan və rus memarlıq elementləri onun daha çox Avropa təsiri ilə tikildiyini deməyə əsas verir. Abidənin günbəzi dörd ədəd tromb üzərində qurulub. 1990-cı ildə tikilidə kosmetik təmir işləri aparılıb.
Abidədə son təmir-bərpa işləri isə 2016-cı ildə – Ə. Goraninin 160 illiyi ərəfəsində həyata keçirilib. Bərpa zamanı sərdabənin üzərində maarif xadiminin barelyefi yerləşdirilib. İçəridə isə ümummilli lider Heydər Əliyevin bu xalq fədaisi, ilk milli teatrımızın yaradıcılarından biri, "Hacı Qara" pyesinin tamaşasında baş qəhrəmanın ilk ifaçısı olmuş Ə. Gorani haqqında sözlərinə yer verilib. Həmçinin onun qısa tərcümeyi-halı və xeyriyyəçilik fəaliyyəti barədə Tiflisdə çıxan qəzetlərdən birinin məqaləsindən parça həkk edilmiş lövhələr yerləşdirilib.