Türbə
Abidənin adı: | "Türbələr kompleksi" |
Abidənin ünvanı: | AZ2251, Goranboy rayonu, Rəhimli kəndinin qəbiristanlığı |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 4263 və 4265 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat 40.580261 Y-koordinat 46.743481 |
Abidənin tarixi: | Əsr: XVIII-XIX əsrlər Tikinti ili: Məlum deyil |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: XIX əsrin ortalarında Gəncənin quberniya mərkəzi olması ətraf kəndlərin və qəsəbələrin də inkişafına öz müsbət təsirini göstərmişdi. Bu mənada Goranboy rayonunun Rəhimli kəndindəki türbələr maraqlı nümunələrdir. XVIII-XIX əsr memarlıq abidəsi olan, Mirzə Adıgözəlbəy ailəsinə məxsus 6 ədəd türbə Rəhimli kəndinin kənarındakı qəbiristanlıqda yerləşir. Hər tikilinin içərisində 4-5 məzar mövcuddur və funksional cəhətdən bir qədər Gəncə sərdabələrini xatırladır. Fərq ondan ibarətdir ki, Rəhimli türbələri daxildən kvadrat quruluşlu, bayırdan isə küncləri 45 dərəcə kəsilib. Dörd tərəfə açılan iri pəncərələr də bu türbələrin xarakterik cəhətləridir.
Türbələr bir-birindən 10 m aralı məsafədə yerləşir. Dörd böyük türbə bişmiş qırmızı kərpicdən, iki kiçik türbə isə çay daşından tikilib. Türbələrin üçü səkkizbucaqlı, üçü isə dördbucaqlıdır.
Bir qədər hündürdə yerləşən səkkizguşəli türbədə doqquz məzarüstü daş (stella) vardır. Bu məzarlar məşhur “Qarabağnamə” əsərinin müəllifi, tarixçi və ictimai xadim Mirzə Adıgözəl bəyə və onun ailəsinin bir neçə üzvünə məxsusdur. Mirzə Adigözəl bəyə məxsus başdaşında yazılıb: "Bu nurlu, pak və şərəfli qəbir mərhum ariflərin rəhbəri və fəqirlərin himayəçisi, fazillərin və alimlərin pənahı, zəmanənin və əsrin yeganəsi, xarici və daxili tayfalar arasında tanınmış və çətinliklərə çarə edən Haqverdi ağanın oğlu Mirzə Adıgözəl bəyindir". Türbə onun vəfatı ilə bağlı 1848-ci ildə inşa edilib.
İkinci türbə şimaldan cənuba doğru yerləşən üstü yarımşar formalı günbəzlə örtülüb. Cənub hissədə qapı, qalan tərəflərdə pəncərələr olan qərb divarında türbənin Mirzə Adıgözəl bəyin ailəsinə məxsus olduğunu göstərən ərəb əlifbası ilə yazılmış kitabə vardır. Bu türbənin içərisində isə beş məzar mövcuddur.
Üçüncü dördbucaqlı türbənin içərisində iki qəbir var ki, onlardan birincisi Mirzə Adıgözəl bəyin yaxın qohumu Mustafa ağanın, ikinci stella isə Mustafa ağanın həyat yoldaşı Şamağa xanımındır.
Qırmızı kərpiclə hörülmüş, üstü yarımşar formalı günbəzlə örtülmüş 3 türbənin giriş qapısı yerdən çox hündürdə yerləşib. Qırmızı kərpiclə hörülmüş, cənubda yerləşən böyük və çaydaşından hörülmüş bir kiçik türbə nisbətən uçub dağılıb. Kiçik türbələrdən biri çoxbucaqlı plana, səkkizguşəli formaya malikdir.
Nisbətən şərqdə və hündürdə yerləşən ikinci türbə səkkizguşəlidir. Bu türbə yaxınlığında olan yaşayış yerindən tapılan maddi mədəniyyət nümunələri onların XII-XIII əsrlərə aid olduğunu göstərir. Həm arxitektura, həm də epiqrafika, xəttatlıq və həkkaklıq baxımından mühüm əhəmiyyət kəsb edir.