Fitdağ

Abidənin adı:

“Fitdağ” qalası

Abidənin ünvanı:

AZ3111, İsmayıllı rayonu, Sulut kəndi

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4360 (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.46421

Y-koordinat: 48.26425

Abidənin tarixi:

Əsr: XVIII əsr
Tikinti ili: Məlum deyil

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur


Abidəyə dair tarixi məlumatlar: İsmayıllı rayonunun Sulut kəndi ərazisindəki Fit qalasının tarixi barədə dəqiq məlumat yoxdur. A.P. Fituninin burada hələ XI-XII əsrlərdə müdafiə qalası olduğunu ehtimal edir. Qala barədə əldə olan məlumatın bir hissəsi də Şirvan xanlıqları dövrünə, yəni XVIII-XIX əsrlərə aiddir.

Bu dövrə aid məlumatlardan birində deyilir ki, Şirvan xanı Mustafa xan Fit qalasına üç arşın enində divar çəkdirmişdi. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın hücumu zamanı Mustafa xan Fit qalasına çəkilir. O, Ağsu şəhərini buraya köçürür. Bu iş Abbas Mirzənin zamanında da təkrar olur. Məhz buna görə də Fit qalası tarixi-arxeoloji ədəbiyyatlarda Şirvan hökmdarlarının son iqamətgahı olması ilə də məşhurdur. Bölgə sakinləri arasında qala haqqında müxtəlif əfsanələr mövcuddur.

Fit qalası və onun ətrafında aparılmış ilk arxeoloji tədqiqatın nəticələri burada Sasani dövründən yaşayış olduğunu göstərir. Arxeoloji tədqiqat vaxtı bu ərazidən tapılan materiallar içərisində Sasani padşahı II Xosrovun gümüş sikkələri, Orta əsrlər üçün xarakterik olan saxsı qab parçaları, XVI-XVII əsrlərə məxsus metal silah, tunc, gümüş zinət vasitələri, XVII-XVIII əsrlərə məxsus mis qablar vardır. Bunlar Fit qalası və onun ətrafında VI-VII əsrlərdən başlayaraq yaşayış olduğunu göstərir. Tikinti qalıqlarından aydın olur ki, bura yalnız Mustafa xan dövründə böyük istehkam halına salınıb.

Mütəxəssislər divarın enindən onun ucalığının ən azı beş metr olduğunu ehtimal ediblər. Qala divarındakı bürclərin qalıqları əsasında onların dördkünc və yarımdairəvi şəkildə olduğunu söyləmək mümkündür. Qalanın içərisindəki binalar da tamamilə dağılıb. Geniş darvazadan içəri girəndə böyük bir binanın xarabaları diqqəti cəlb edir. Yerli əhali buranı “Qalabəyi binası” adlandırır. Bu binanı keçdikdən sonra, dağın qülləsinin səthi boyunca bir çox bina xarabaları görünür. Çox güman ki, bunlarda qala döyüşçüləri yaşamışlar. Dağın ən hündür nöqtəsində “Xan evi” adlanan böyük bir bina var. Yerli əhali buranı “Mustafa xanın qalası” adlandırır.

Fit qalası yerləşən dağın ətrafı müxtəlif tikinti qalıqları ilə örtülüdür. Bunlardan bir hissəsi karvansara, bir hissəsi hamam və bir hissəsi də divanxana adlanır. Yerli əhalinin söylədiyinə görə, Fit şəhərinin xarabalarıdır.