Məscid

Abidənin adı:

Məscid

Abidənin ünvanı:

AZ3100, İsmayıllı şəhəri

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4356 (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.47315

Y-koordinat: 48.09594

Abidənin tarixi:

Əsr: XIX əsr
Tikinti ili: 1882-ci il

Abidənin istifadəsi:

İlkin təyinatı üzrə istifadə olunur


Abidəyə dair tarixi məlumatlar: İsmayıllı bölgəsi qədim mədəniyyət abidələri ilə zəngindir. Onlardan biri – İslam memarlığı nümunələrindən olan İsmayıllı məscidi şəhərin mərkəzində yerləşir. Yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilən məscid hicri-qəməri təqvimi ilə 1303-cü ildə (1882) inşa edilib. Məscidin həyətində mədrəsə binası fəaliyyət göstərir.

Məlum olduğu kimi, erməni millətçiləri XX əsrin əvvəllərində Azərbaycan ərazisində bir neçə dəfə dağıntılar törədib, əhaliyə qarşı soyqırımı həyata keçiriblər. Ermənilərin 1918-ci ilin martında ölkəmizin dörd bir yanında törətdikləri qırğınlar zamanı həm də çoxsaylı tarix-mədəniyyət yadigarlarını yerlə yeksan ediblər.

Həmin dövrdə mənfur ermənilərin həyata keçirdiyi vandalizm aktları zamanı sözügedən İsmayıllı məscidi də zərər görən abidələrimizdəndir. Düşmənin quldur dəstələri məscidin minarəsini dağıdaraq onu yandırıblar.

Məscidin binası sovetlər dövründə – 1937-ci ildən 1988-ci ilə qədər məktəb, hərbi kazarma, həbsxana və anbar kimi istifadə edilib. 1989-1990-cı illərdə burada təmir-bərpa işləri aparılıb və məscid dindarların istifadəsinə verilib.

Dördbucaqlı plan quruluşu olan məscidin divarları çaylaq daşı ilə hörülüb. Eyvan və ibadət zalından ibarət plan məscidə yığcam həcm-məkan quruluşu bəxş edib. Binanın üç giriş qapısı var. Onlardan birinin üstündə daş kitabə həkk olunub. İbadət zalı tir-dayaq sisteminə əsaslanır. Üç aşırımlı örtük konstruksiyasının yükünü 6 ağac-tir daşıyır. Tirlərin başındakı ağacdan yonulmuş kapitellər bölgə üçün xarakterik olan xüsusi sənətkarlıq nümunəsidir.

Məscidin və eyvanın döşəməsi daş plitə ilə işlənib. İbadət zalında 10 tağvarı formalı pəncərələr zalı işıqlandırır. Tikilinin minbəri taxtadandır və səkkiz pillədən ibarətdir. Məscidin xaricdən dam örtüyü 4 üzlü, maili metal vərəqələrlə örtülüb.