Zeyzid məbədi
Abidənin adı: | "Zeyzid məbədi" |
Abidənin ünvanı: | AZ5528, Şəki şəhəri, Orta Zeyzid kəndi |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 4983 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 41.10863 Y-koordinat: 47.154387 |
Abidənin tikinti tarixi: | Əsr: XI-XII əsrlər Tikinti tarixi: Məlum deyil |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Orta Zeyzid məbədi plan quruluşuna görə «sadə xaç» tipli kilsələrə aiddir. Qafqaz Albaniyasının erkən orta əsr memarlığının son mərhələsi kompozisiyanın ümumiliyi, eyni zamanda planlaşma və fəza həllinə görə bir-birindən seçilən «sadə xaç» tipli kilsələrin bir neçə məlum nümunəsi ilə təmsil olunmuşdur. Bu tipli binaların bariz nümunəsi Qəbizdərə kəndindəki alban kilsəsidir. Sadə xaçvarı planlı kilsələr Qafqaz Albaniyasında və digər xristian ölkələrində kifayət qədər çox tikilirdi. Cənubi Qafqazda bu tip VII əsrdə xüsusilə geniş yayılmışdı. Belə abidələrdən biri, Gədəbəyin yaxınlığında yerləşən, inşası bu tarixə aid edilən məbəddir. Əgər Gədəbəy kilsəsi kompozisiyası, planın nisbətləri və xarici həcminə görə Cənubi Qafqazın erkən orta əsrlərin birinci mərhələsinin analoji abidələrinə yaxındırsa, Şəkinin Orta Zeyzid kəndindəki sadə xaç planlı digər abidə Cənubi Qafqazda XII-XIII əsrlərdə xristian memarlığının ikinci çiçəklənmə dövrünün tikililəri sırasına aid edilir. Gədəbəy kilsəsindən fərqli olaraq, Zeyziddə olan kilsə xaçvari, kiçik və uzununa oxu boyunca bir qədər qısa olan tikilidir. Düzbucaq planlı üç qolundan fərqli olaraq yarımdairəvi şərq qolda apsida yerləşmişdir. Qərb qolunun şərq qolundan bir qədər uzun olmasını orada giriş qapısının yerləşməsini şərtləndirir.
Mərkəzi günbəzaltı kvadratın küncləri düzbucaqlı kapitel tavası olan pilyastrlarla (eni 50 sm) tərtib edilmişdir. Mərkəzi kvadratın bir–birinin üzərində yerləşdirilən və mərkəzə doğru əyilən dörd yarımdairəvi tağları vaxtı ilə üzərində baraban və günbəz yerləşən dairəvi kəməri saxlayırlar. Zeyziddə olan daha zərif və dekorativdir. Həll edilmiş kilsə artmış estetik tələbləri əks etdirir. O, şübhəsiz X-XI əsrlərdə tikilmiş və ya əsaslı şəkildə yeniləşdirilmişdir. Yuxarıda qeyd edildiyi kimi,
«sadə xaç» tipli kilsələrin genetik xətti xaçvari bütpərəst abidələrlə bağlıdır. Maraqlıdır ki, yetkin orta əsrlərdə Azərbaycanın islam memarlığının nümunələri olan türbələrində də xaçvari plan yer almışdır. Bərdə (1322-ci il), Şərəfan (XIII əsr), Aşağı Veysəlli (XIV əsr), Xaçın Dərbətli (XIV əsr) kəndlərindəki türbələrin sərdabələri xaçvari şəkildə həll edilmişdir. Nəinki sərdabəsi, hətta plan quruluşu xaçvari formalı olan Abşeronda olan XIV-XV əsrlərə aid Şakir ağa türbəsi də buna gözəl nümunədir.
L. Bretaniski qeyd edirdi ki, "Orta Zeyzid kəndində olan kilsə bir çox maraqlı konstruktiv və dekorativ xüsusiyyətləri ilə yanaşı füruzəyi boya ilə örtülmüş gözəl kirəmiti və divar naxışlarının qalıqları ilə maraqlıdır". Təəssüf ki, bu təsvirlər bizim dövrlərə qədər gəlib çırmamışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda abidənin aid olduğu dövr XI—XII əsrlər qeyd olunsa da, plan kompozisiya və tikinti xüsusiyyətlərinə görə X-XI əsrlərə aid edilə bilər