Məscid Bazar
Abidənin adı: | "Məscid (Böyük bazar)" |
Abidənin ünvanı: | AZ4200, Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 4805 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 38.751441 Y-koordinat: 48.846924 |
Abidənin tarixi: | Əsr: XIX-XX əsrlər Tikinti ili: 1864 və 1997-ci illər |
Abidənin istifadəsi: | İlkin təyinatı üzrə istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Yazılı mənbələrdə Lənkəran rayonu ərazisinə daxil olan yaşayış məntəqələrində məscidlərin, hamam və türbələrin XIX əsrdən mövcud olması barədə məlumat verilir. Lakin bu o demək deyil ki, göstərilən əsrdən əvvəl belə təyinatlı tikililər mövcud olmayıb. Ehtimal olunur ki, bundan əvvəlki illərdə və əsrlərdə bu tikililər varmış. Müharibələr, təbii fəlakətlər nəticəsində dağılıb yox olub, sonralar göstərilən əsrdə yeniləri inşa edilib.
Lənkəran zonasında dini tikilinin fasadı təbii-klimatik münasibətlərdə daha çox işıqlanan və optimal olan cənub istiqamətinə yönəlirdi. Abidənin fasadları bir qayda olaraq, yarımçevrə şəkilli qapı və oxvarı tağla tamamlanan pəncərə yerləşən, dərin olmayan düzbucaqlı çərçivələrlə işlənilirdi. Lənkəran zonasının dini tikililərinə Azərbaycanın cənub bölgəsinin memarlıq ənənələri və təbiət-iqlim xüsusiyyətləri ilə sıx bağlı olan memarlıq forması və üsulları təsir etmişdi.
Məscidin 1929-cu ilədək altı böyük təkyəsi olub. Həmin təkyələrə onu inşa edən şəxslərin adı verilib. Bunlardan Kərbəlayı Hüseyn, general Hacı Mirabbas xan Talışinski, Kərimovlar, Hacı Manaf və Hacı Ələsgərin təkyələri ötən əsrin 30-cu illərində öz görkəmini itirib və dağıdılıb. Onlardan yalnız Hacı Mirağa Əkbərovun təkyəsi bu günə kimi qorunub saxlanılıb. Məscidin girəcəyində mərmər lövhədə kiril əlifbası ilə "Məscidi 1864-cü ildə Hacı Mirağa Mirtağızadə Lənkəranlı tikdirmişdir" sözləri yazılıb. Məscid usta Hadı tərəfindən inşa olunub. Binanın əsası qoyularkən 250 nəfərin yerləşməsi üçün nəzərdə tutulmuşdu.
Sovet hakimiyyəti dövründə Böyük bazar məscidindən anbar, kitabxana, şəkil qalereyası kimi istifadə olunub. Aparılan ölçü işləri zamanı abidənin qərb fasadına bitişik, uzunluğu 10,42 m olan tikili 1977-ci ildə sökülüb.
1997-ci ildə məscid şərq istiqamətində genişləndirilib və əlavə olaraq minarə inşa edilib. Bundan əlavə, binanın sahəsi genişləndirilərək 500 nəfərlik Cümə məscidinə çevrilib.