Qız qalası

Abidənin adı:

“Qız qalası”

Abidənin ünvanı:

AZ5711, Şəmkir rayonu, Aşağı Seyfəli kəndi

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

5004 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.723451

Y-koordinat: 46.087425

Abidənin tikinti tarixi:

Əsr: XI-XII əsr

Tikinti ili: Məlum deyil

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur


Abidəyə dair tarixi məlumatlar: Ərazisi tarixi abidələrlə zəngin olan bölgələrdən biri də Şəmkir rayonudur. 1930-cu ildə təşkil edilən rayon Kiçik Qafqazın şimal-şərq yamacında, Gəncə-Qazax düzənliyində və Acınohur ön dağlığında yerləşir. Rayonun ərazisindən Kür çayı və onun qolları (Zəyəm, Şəmkir, Cəhir və s.) keçir. Ərazidə Şəmkir su anbarı və Şəmkir yasaqlığı vardır.

Şəmkir toponiminin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Dilçi mütəxəssislər bu adı «Şamkür», yəni «Kür qırağı» kimi izah edirlər. Şəmkir Erkən Orta əsr şəhərlərindəndir. Qədim Şəmkir şəhərinin xarabalıqları Şəmkir çayının sol sahilindədir. Şəhərin qala yerinin sahəsi 20 hektar olmuş və sahillər iki körpü vasitəsilə birləşmişdi. Bu körpünün qalıqları indi də qalmaqdadır.

VII əsrin ortalarında Şəmkir ərəblər tərəfindən işğal olunub. Ərəb xəlifəsi Mütəvəkkilin şərəfinə “Mütəvəkkilliyə” adlandırılıb. Şəhərin adı sonralar özünə qaytarılıb. Şəmkir haqqında yazan bütün tədqiqatçıların yekdil fikri belədir ki, şəhərin çiçəklənmə dövrü IX-XII əsrləri əhatə edir. Bu dövrdə Şəmkir səlcuqlar tərəfindən işğal olunub. XII əsrdə Eldəgizlərin hakimiyyəti dövründə Şəmkirə xüsusi diqqət yetirilib.

Rayon ərazisində IX-XI əsrlərə aid Şəmkir şəhər xarabalıqları, IX-XI əsrlərə aid Şəmkir körpüsü, Şəmkir qalası (Muxtariyyə kəndi), XI-XII əsrlərə aid Qız qalası (Aşağı Seyfəli kəndi), XVI-XVII əsrlərə aid məscid (Abbaslı kəndi), XI əsrin yadigarı Qız qalası (Tatarlı kəndi), XVI-XVII əsrlərə aid körpü (Təhnəli kəndi), XVII əsrə aid Didvan bürcü (Yeni həyat kəndi), Koroğlu qalası (XVI- XVII əsrlər, Şəmkir şəhəri) və s. abidələr mövcuddur.

İstər səlcuq sultanları, istərsə də Azərbaycan atabəyləri hər şeydən öncə sərkərdə- hərbçilər idi. Bu səbəbdən hərbi memarlıq onların diqqətindən yayına bilməzdi. Həm də ölkədə dincliyi, əmin-amanlığı saxlamaq və karvan yollarının təhlükəsizliyini təmin etmək üçün çoxlu qalaların olması əhəmiyyət kəsb edirdi. Azərbaycan ərazisində bir neçə qız qalası var. Lakin Şəmkirin Aşağı Seyfəli kəndi ərazisindəki Qız qalası bu qəbildən abidələrdən fərqli plan quruluşuna malikdir. Yerli əhəmiyyətli memarlıq abidəsi olan qala sərt dağ relyefinə uyğun olaraq qayaların üstündə tikilib. Dağ qalalarında olduğu kimi bu abidənin də inşasında çay yataqlarından gətirilmiş daşdan və yaxınlıqdakı yerli materiallardan istifadə olunub.