Məscid Sündü


Abidənin adı:

“Məscid”

Abidənin ünvanı:

AZ3700, Qobustan rayonu, Sündü kəndi

Abidənin əhəmiyyət dərəcəsi:


Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4593 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.373220

Y-koordinat: 48.495132

Abidənin tikinti tarixi:

Əsr: XIV əsr

Tikinti ili: Məlum deyil

Abidənin istifadəsi:

İlkin təyinatı üzrə istifadə olunur


Abidəyə dair tarixi məlumatlar: Məscid Sündü kəndinin mərkəzində, kənd bulağının qərb istiqamətində, ona 100 metrlik məsafədə, yolun sağ tərəfində yerləşir. Məscid dördkünc formada inşa edilmişdir. Şirvanşahlar saray kompleksinə daxil olan Şah məscidinin günbəzli memarlıq planına oxşardır. Məsciddə də xəlvətxana hücrələri vardır. Hal-hazırda minarəsi yoxdur.

Müsəlmanlar fəth etdikləri ölkələrdə son səmavi din olan İslamı geniş yaymaq üçün məscidlər, mədrəsələr və digər dini binalar inşa edirdilər. Azərbaycanda müsəlmanların tikdirdiyi məlum olan ilk məscidlər VII əsrə aid Ərdəbil məscidi, VIII əsrə aid Dərbənd Cümə məscidi (733-cü il), Şamaxı Cümə məscidi (743-cü il) və Ağsu (VIII əsr) məscididir. Bu məscidlər əsasən xəlifə Validin qardaşı Əbu Müslümün Azərbaycanda hakimiyyəti illərində tikilmişdir. Memarların əksəriyyəti bu sıraya Sündü kəndindəki mərkəzi günbəzli, düzbucaq planlı məscidi də əlavə etmişlər.

Məscidin tikilmə tarixi giriş qapısının üstündəki daş kitabədə ərəb dilində yazılmışdır. Həmin kitabədə bu məscidin hicri tarixlə 307-ci ildə (miladi tarixlə 920-ci ildə) tikilməsi həkk olunmuşdur. Bundan əlavə kitabələrdə bu məscidin iki dəfə hicri 1070-ci ildə (miladi tarixlə 1757-ci ildə) və hicri 1295-ci ildə (miladi 1878-ci ildə) bərpa olunması tarixləri də öz əksini tapmışdır.

Məscid 1920-ci ilə qədər sərbəst fəaliyyət göstərmiş və məscidin nəzdində dini təhsil verən məktəb kənd sakinlərinə xidmət göstərmişdir. Həmin dövrdə (1920-ci il) məscidin imamı Hacı Nəsrullah əfəndi olmuşdur. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra məscidin fəaliyyəti dayandırılmış və ondan 1990-ci illərə qədər taxıl anbarı kimi istifadə olunmuşdur. 1997-ci ildə məscid Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmiş və Qafqaz Müsəlmanlar İdarəsinin icazəsi ilə fəaliyyətini yenidən bərpa etmişdir. Məsciddə bərpa işləri 2003-cü ildə aparılmışdır.