Cümə məscidi


Abidənin adı:

"Cümə məscidi"

Abidənin ünvanı:

AZ2714, Quba rayonu,

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4615 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.21477

Y-koordinat: 48.30431

Abidənin tarixi:

Əsr: XIX əsr

Tikinti ili:1802-ci il

Abidənin istifadəsi:

İlkin təyinatı üzrə istifadə olunur


Abidəyə dair tarixi məlumatlar: Ölkəmizdə zəngin memarlıq üslubuna malik olan qədim məscidlərdən biri də Quba şəhərindəki Cümə məscididir.

1802-ci ildə Qazı Nəsrullah əfəndinin oğlu Qazı İsmayıl əfəndinin maddi yardımı ilə tikilən məscidin kitabəsində onu inşa edən memar haqqında məlumat verilib. Kitabədə yazılıb: “Bu məscidi şərif aləmlərin rəbbi olan Allahın inayəti ilə Qazı Nəsrulla ibn Hacı İsmayılın vəsaiti ilə memar Əbu Bəkr Əcəmi ən Naxçıvani sülaləsindən olan memar Osman ibn Ömər tikmişdir. Hicri 1217-ci il”.

1792-ci ildə inşaat işlərinə başlanılan binanın tikintisi müəyyən fasilələrlə 10 ilə başa çatdırılıb. Bu məscid təkcə Qubada deyil, şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biri hesab edilir. Məscid və onun nəzdində olan mədrəsə 1924-cü ilədək fəaliyyət göstərib. Sovet dövründə digər dini məkanlar kimi onun da fəaliyyəti qadağan edilib.

1933-cü ildə mədrəsə və minarə, sonralar isə digər tikililər dağıdılıb. Məscidin dağıdılacağını bilən rayon əhalisi, gecə ilə dəyirman daşlarını və çuvallarla buğdalarını gətirib məscidi dəyirmana çevirib ki, onu dağılmaqdan xilas etsinlər. Bir müddətdən sonra bura anbar kimi istifadə olunub, daha sonra isə burada xalça muzeyi fəaliyyət göstərib.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra məscid yenidən dindarların istifadəsinə verilib və dini qurum kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib.

Yerli əhəmiyyətli memarlıq abidəsi olan məscid səkkiztinli prizma şəklində olub, daxildən hündürlüyü 18 m, sahəsi 360 kvadratmetrdir. Məscidin tikintisində istifadə olunan zığ kərpiclər, rayonun 8-10 kilometrliyində yerləşən İqrığ kəndində hazırlanıb. Deyilənə görə, Quba camaatı həmin kənddən kərpicləri əlləri ilə bir-birinə ötürə-ötürə məscid tikilən yerə gətirib. Binanın tikintisində əsasən un, yumurta və əhəngdən istifadə olunub. Məscidin mehrab hissəsi Mədinə şəhərindəki məsciddə olduğu kimi işlənib. Tikilinin orta hissələrində sütunun olmaması memarın yüksək peşəkarlığından xəbər verir.

Məscidin ətrafına şəbəkəli hasar çəkilib, dəstəmaz yeri və mədrəsə tikilib, ərazidə abadlıq işləri aparılıb. Türkiyə hökuməti tərəfindən məscidə minbər əlavə olunub və hündürlüyü 50 metr olan minarə tikilib.