Hündür Gümbəzli Hamam
Abidənin adı: | “Hündür günbəzli hamam” |
Abidənin ünvanı: | AZ4000, Quba şəhəri, Qəzənfər Musabəyov və Ərdəbil küçələrinin kəsişdiyi yerdə |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 4606 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı) |
Kartoqrafik təqdimat: | X-koordinat 41.362413 Y-koordinat 48.507404
|
Abidənin tarixi: | Əsr: XIX əsr Tikinti ili: 1897-ci il
|
Abidənin istifadəsi: | Turizm nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Böyük Qafqaz dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 603 m yüksəklikdə yerləşən Quba şəhərinin qədim və zəngin tarixi var. Yaşı ilk orta əsrlərə gedib çıxan Qubanın tarixi haqqında qədim alban və ərəb mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının əsərlərində bu və ya digər şəkildə bəhs olunub.
XI əsrdə Azərbaycan hakimi Ənuşirəvanın tikdirdiyi qalanın adı “Bade- Firuzqubat" idi. XII əsrə aid ərəb mənbələrində Quba "Kuba" kimi göstərilirdi. XIII əsrdə ərəb alimi Y.Həməvinin coğrafiya lüğətində Azərbaycan şəhərləri arasında "Kubba" adlı yaşayış məntəqəsindən də bəhs olunur. XVI əsrin Səfəvi qaynaqlarında isə Quba "Qübbə" kimi verilib.
Quba şəhərinin təməli XIV-XV əsrdə qoyulub. XVIII əsrin ortalarında Quba xanlığı yaradılıb, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olub. Hüseynəli xanın oğlu Fətəli xanın (1758-1789) hakimiyyəti dövründə Quba xanlığı daha da güclənib. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildə isə Bakı quberniyasına daxil edildi. 1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi.
Quba rayonunun ərazisində dövlət mühafizəsinə götürülmüş çoxlu sayda memarlıq abidələri var. Belə abidələrdən biri Quba şəhərində Musabəyov və Ərdəbil küçələrinin kəsişməsində yerləşən Hündür günbəzli hamamdır. El arasında bəzən “Çuxur hamam”, “Bəkir hamamı” və “Məşədi Əlimərdan hamamı” da adlandırılan abidə XIX əsrlərə aid edilir.
Abidədə bərpa işləri aparılan zaman tikilinin ilkin görkəmi və plan quruluşu saxlanaraq müasir dövrdə istifadə üçün uyğunlaşdırılıb. Hamamın bərpası 2017-2018-ci illərdə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi, Mədəniyyət Nazirliyi və nazirliyin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilib. Təmir-bərpa işləri çərçivəsində iki günbəz və 9 hücrədən ibarət olan qədim tikilinin fasadı tamamilə yenilənib, dam örtüyü dəyişdirilib. Tarixi abidənin bərpası zamanı onun xarici görünüşündə dəyişiklik edilməyib. Bişmiş qırmızı kərpicdən tikilən hamam binasının bərpası zamanı o dövrün memarlıq ənənələrindən istifadə edilib. Bununla yanaşı, təmir prosesində hamamın iç divarlarındakı müxtəlif naxış və ornamentlər də qorunub saxlanılıb.