Minarəli məscid
Abidənin adı: | “Minarəli məscid” |
Abidənin ünvanı: | AZ4026, Quba rayonu, Birinci Nügədi kəndi |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 4622 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 41.19297 Y-koordinat: 48.33418 |
Abidənin tarixi: | Əsr: XVIII—XIX Tikinti ili: 1899-cu i |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Quba rayonundakı Birinci Nügədi kəndində yerləşən Minarəli məscid öz memarlıq quruluşu ilə fərqlənən dini abidələrdəndir. XVIII-XIX əsrlərə aid edilən məscid kənd sakinləri tərəfindən tikilib. Bina çiy kərpicdən, 15 metrlik minarəsi isə qırmızı kərpicdən inşa olunub.
Minarənin üzərindəki daş lövhədə yazılıb: "Bu minarə hicri-qəməri təqvim ilə 1316-cı ildə rəcəb ayında tikilib". Daş lövhənin aşağı hissəsində isə belə bir qeyd var: "Əzaya qalmadan namaza tələs, ölmədən əvvəl də tövbəyə tələs. Bu minarə şərif Hacə-Hacı-Muhamməd tərəfindən tikilib". Minarənin sol tərəfindəki başqa bir daş lövhədə isə belə yazılıb: "Bu məscid Molla Zəki Solban oğlu tərəfindən tikilib". Miladi təqvimlə hesabladıqda, minarənin tikilmə tarixi 1899-cu ilə təsadüf edir.
Yerli əhəmiyyətli memarlıq abidəsi olan məscid binasından 1930-cu ildən başlayaraq əvvəllər klub, sonra isə taxıl anbarı kimi istifadə edilib.
Abidənin minarəsi başqa minarələrdən fərqli olaraq məsciddən bir qədər aralıda, çöl hissədə yerləşir. Kəndin mərkəzində inşa edilən məscidin girişi şimal tərəfdəndir. Kompozisiya mərkəzi iki cərgə pəncərəsi olan ibadət zalıdır. Zal iki cərgə sütunlarla (hər cərgədə üç ədəd) dörd hissəyə bölünüb. Orta hissə üzərindən qadınlar üçün nəzərdə tutulmuş balkonların tirləri keçirilmiş yan hissələrdən iki dəfə enlidir. İbadət zalının girişində qadınlar üçün olan hissəyə aparan pilləkən qurulub. Şərq və şimal tərəfdən məscidin binasına xarici və daxili məkanı əlaqələndirən zəncir rolunu oynayan eyvan birləşir. İnteryerin cəlbediciliyi taxta sütunlara söykənən ikiyaruslu arkaların qeyri-adi yüngüllüyü və zərifliyi ilə əldə olunub. Mehrab qalın cənub divarına girir və planda səkkizbucaqlının yarısı formasında olan yarımqübbə ilə bitən tağçadır.
15 metr hündürlüyü olan minarə bişmiş kərpicdən tikilmiş yuxarıya doğru getdikcə azacıq ensizləşən silindrik qüllədən ibarətdir. Minarənin yuxarı hissəsində müəzzinin azan oxuması üçün dairəvi balkon düzəldilib. Güclü karniz kəməri vasitəsilə saxlanılan balkon naxışlanmış şəbəkəli məhəccərlə dövrələnib. Müəzzin şərəfə-balkona minarənin qalın lüləsindən çəkilmiş vintvarı pilləkənlə qalxır. Minarə tənəkə dam lövhələri ilə örtülmüş səkkizbucaqlı çadır səkilli damla bitir.