Məscid Rustov
Abidənin adı: | “Məscid” |
Abidənin ünvanı: | AZ4028, Quba rayonu, Rustov kəndi |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 4626 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 41.15085 Y-koordinat: 48.34376 |
Abidənin tarixi: | Əsr: XX əsr Tikinti ili: 1903-cü il |
Abidənin istifadəsi: | İlkin təyinatı üzrə istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Quba rayonunun Rustov kəndində yaşı bir əsrdən çox olan məscidin maraqlı memarlıq quruluşu var. 1903-cü ildə inşa edilən məscidin cənub fasadında dairəvi pəncərənin aşağısında yerləşən yonulmuş əhəngdaşı üzərində oyma üsulu ilə binanın Hacı Yusif tərəfindən tikildiyi yazılıb.
Deyilənlərə görə, Azərbaycanın böyük xeyriyyəçisi, milyonçu Hacı Zeynalabdin Tağıyevin də məscidin tikilməsində köməyi olub. Sovet hakimiyyəti illərində məscid bağlanaraq taxıl anbarı kimi istifadə edilib. Bu möhtəşəm dini və tarixi abidə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dindarların istifadəsinə verilib.
Rustov kəndindəki məscidin memarlıq-planlama həlli Qubadakı Ərdəbil məscidindən az fərqlənir. Məscidlərin müqayisələndirilməsi onların eyni ustalar tərəfindən tikildiyi fikrinə gətirib çıxarır. Fərq yalnız ondadır ki, Rustov məscidi Ərdəbil məscidindən bir qədər böyükdür. Onun ibadət zalı üç cərgə sütunla (hər cərgədə üç sütun) dörd hissəyə bölündüyü halda Ərdəbil məscidinin ibadət zalı iki cərgə sütunla (hər cərgədə iki sütun) üç hissəyə bölünüb.
Yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidin bünövrəsi kürsülük səviyyəsinə qədər çay daşından hörülüb. Divarlar isə kürsülük hissədə çay daşı ilə yonulmuş əhəngdaşının kombinasiyası şəklində, qalan yerlərdə isə (20x20x4) və (27x13x6) ölçülü bişmiş kərpicdən inşa edilib. Divarların yuxarı hissəsindən 9 cərgə kərpicdən karniz kəməri keçir və frontonun kənarlarını əhatə edir. Qadınlara məxsus ikinci mərtəbə eyvanın üstündə yerləşir. Şimal divarın sağ künc hissəsindən başlayan pilləkənlə ikinci mərtəbəyə və çardağa qalxmaq mümkündür. Məscidin damının örtük konstruksiyasında palıd tirlərdən istifadə olunub.
2008-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən məsciddə bərpa işləri aparılıb. Pilləkənlər, müəyyən yerlərdə kərpic divar, pəncərələr, qapılar, pəncərə şəbəkələri, taxta tavan, damörtüyü, çardaq nərdivanı, suvaq örtüyü, ornamentlər, güldəstənin taxta döşəməsi, taxta divarlar və tavan, pəncərələr və s. bərpa olunub. Həmçinin məscidin həyətində yeni köməkçi bina tikilib, abidənin ətrafında abadlıq işləri aparılıb.