Ərdəbil məscidi
Abidənin adı: | "Ərdəbil məscidi" |
Abidənin ünvanı: | AZ4000, Quba şəhəri, Fətəli xan küç. 113 |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 4618 ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat 41.364173 Y-koordinat 48.51507
|
Abidənin tarixi: | Əsr: XIX əsr Tikinti ili: 1894-cü il
|
Abidənin istifadəsi: | İlkin təyinatı üzrə istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Qubada bir çox mədəniyyətlərin izlərinə rast gəlmək mümkündür. Burada Azərbaycan türkləri ilə yanaşı, xınalıqlılar, yəhudi, ləzgi və digər etnik və milli azlıqların nümayəndələri yaşayır. Rayonun Fətəli xan qəsəbəsində (Qırmızı Qəsəbə) yerləşən Giləki, Altıgünbəz, Qusar, Gərcəi sinaqoqları, Xınalıqda IX əsrə aid atəşpərəstlər məbədi və s. olması burada tarixən multikultural mühitin mövcud olmasına bariz nümunədir.
Şəhərdəki Ərdəbil məscidi Cənubi Azərbaycanın Ərdəbil bölgəsindən buraya köçürülən ailələr tərəfindən XIX əsrdə tikilib. Həmin dövrdə Qubaya Ərdəbildən təxminən 40 ailə köçürülüb. Ərazinin “Ərdəbil” məhəlləsi adlanması da bunu sübut edir. Məscidin inşa edildiyi məkan Hacı Seyid Əşrəf ağaya məxsus olub. Məscidin yerində vaxtilə çiy kərpicdən tikilmiş başqa bir məscid də varmış. Bəzi mənbələrə görə, Nadir şahın yürüşü dövründə burada məscid və karvansara olub. Həmin məsciddə daha çox buraya gəlmiş qonaqlar ibadət edərmişlər.
Məscidin cənub fasadının hər iki kənarının yuxarı hissəsində kitabələr var. Bunlardan birində “Qurani-Kərim”in “Tövbə” surəsinin 18-ci ayəsi və hədis yazılıb. Məscidin inşa olunma tarixi “Haram zil-hiccə ayının əvvəli 1312” kimi qeyd edilib. Bu tarix miladi təqvimlə 1894-1895-ci illərə təsadüf edir. Digər kitabənin mətni isə oxunmayıb.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra məscid anbar, 1967-ci ildən etibarən arxiv kimi fəaliyyət göstərib. Sonradan arxiv başqa yerə köçürülüb və tikili istifadəsiz qalıb. 1970-ci ildə məsciddə baş verən yanğın nəticəsində bina tamamilə sıradan çıxıb. 1988-ci ildə dövlət tərəfindən təmir olunub və abidənin ümumi quruluşu özünə qaytarılıb.
1990-cı ildə isə binada daha yaxşı təmir işləri aparılıb. 1997-ci ildə məscidin fasadı atmosfer təsirlərindən daha yaxşı qorunması üçün gəmi boyası ilə rənglənib. Tikilidə növbəti təmir işləri 2015-ci ildə həyata keçirilib.
Qubadakı bəzi məscidlərdə olduğu kimi, Ərdəbil məscidinin də həyətində kərpicdən tikilən dərinliyi 5 m, eni 3 metr və oval şəkildə yeraltı su çəni mövcuddur