Məscid Əniq

Abidənin adı:

Məscid”

Abidənin ünvanı:

AZ3816, Qusar rayonu, Əniq kəndi

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4679 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X- Koordiant: 41.20161

Y- Koordiant: 48.13283

Abidənin tikinti tarixi:

Əsr: XIX əsr

Tikinti ili: 1911-1921-ci illər

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur


Abidəyə dair tarixi məlumatlar: Qusar rayonunun məscidləri özünəməxsus memarlığı ilə Azərbaycanın digər bölgələrində ucaldılmış ibadət evlərindən fərqlənir. Bu məscidlər bir qayda olaraq birotaqlı, səkkizguşəli, günbəzli olması ilə seçilir. Minarəsiz tikilmiş həmin binaların günbəzləri ağacdan olub dəbilqə forması ilə diqqəti çəkir.

Qusarın kəndlərində ucaldılmış məscidlərdə yerli memarlıq ənənələri ilə klassik islam memarlığı vəhdət təşkil edir. Qədim zamanlardan evlərini yaşayış yerlərinin hündür hissələrində tikməyə adət etmiş qusarlılar Əniq kəndində inşa etdikləri məscid üçün də ən görkəmli, ən mənzərəli yer seçiblər.

Qusarda məscidlər bir qayda olaraq xalq iməciliyi (mel) yolu ilə, könüllü ianə toplanaraq inşa edilib. Təcrübəli ustalar ibadətxanaların tikintisində milli koloritə üstünlük veriblər. Bunu Qusar məscidlərinin tikintisində geniş istifadə olunmuş detalların naxışlanması, ağac üzərində oyma nümunələri də sübut edir.

Monumentallığı və özünəməxsusluğu ilə diqqəti cəlb edən Əniq məscidi kəndin mərkəzində, onun nisbətən qədim hissəsində, hündür təpədə, 300 yaşlı köhnə məscid binasının yerində inşa olunub. Onun günbəzi xaricdən naxışlı metalla örtülüb, içəridən isə bəzəkli taxtalarla işlənib. Məscid sadə memarlıq üslubuna malik geniş ibadət zalından ibarət olub, divarları rəngkarlıq süjetləri və naxışlı kompozisiyalarla, mehrabı isə stalaktitlərlə bəzədilib. Mehrabın üstündəki divara ərəb hərfləri ilə həkk olunmuş yazıda məscidin Şeyx Abumüslümün vəsaiti ilə, 1911-1921-ci illərdə inşa edildiyi göstərilir. Yerli əhəmiyyətli memarlıq abidəsi olan binanın perimetri boyu yerləşdirilmiş ikiqat pəncərələr və yarılmış çay daşlarından hörülmüş divarlar buraya xüsusi yaraşıq verir. Məscidin günbəzlə əhatə olunmamış küncləri kiçik dekorativ qəsrciklərlə bəzədilib. Bu qəsrciklər kompozisiyanı tamamlayır və tikilinin bədii memarlıq səviyyəsini yüksəldir.