Dəmiryol vağzalı

Abidənin adı:

Dəmiryol vağzalı

Abidənin ünvanı:

AZ2700, Xaçmaz rayonu, Nərimanov prospekti

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi


İnventar:

4297 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.467471

Y-koordinat: 48.806175

Abidənin tikinti tarixi:

Əsr: XIX əsrin axırları XX əsrin əvvəli

Tikinti ili: 1897-1902-ci illər

Abidənin istifadəsi:

İlkin təyinatı üzrə istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: XIX əsrin ikinci yarısında Bakı-Vladiqafqaz dəmiryol xəttinin çəkilişi Xaçmaz bölgəsinin iqtisadi və siyasi inkişafında mühüm rol oynayıb. Deyilənlərə görə, Quba quberniyasından çar II Nikolaya məktubla müraciət edərək dəmiryollarının buradan keçməsini xahiş ediblər.

Kapitalizmin inkişaf etməsi ilə Qafqazdakı təbii zənginliklərin Rusiyaya daşınması üçün əlverişli və sürətli nəqliyyat vasitəsinə yaranan zərurətdən irəli gələrək və relyef uyğun olduğuna görə Xaçmaz ərazisindən dəmiryol çəkilib. İndiki Xaçmaz və Xudat şəhərləri, eləcə də Yalama, Ləcət, Qusarçay, Çarxı kəndləri ərazisində xüsusi memarlıq üslubuna malik vağzal binaları tikilib.

Xaçmaz rayonunun inzibati mərkəzində yerləşən dəmiryol xətti 1897-ci ildə salınmağa başlayıb və 1902-ci ildə istismara verilib. Xaçmazda dəmiryol xəttinin mövcudluğuna baxmayaraq, burada uzun illər vağzal olmayıb. Vağzalın tikilmə tarixi dəqiq olmasa da, rəsmi açılışı 1905-ci ildə olub.

Memarı məlum olmayan abidə “Zaqavqaziya Dəmiryolları” təşkilatı tərəfindən sifariş edilib. Stansiyanın Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına tikilməsini bildirənlər də vardır. 1986-cı ildə tərtib olunan pasportda binanın tikinti tarixinin 1898-1901-ci illərə aid olduğu qeyd edilib. İnşaat işləri ingilislər tərəfindən baptist almanlar və Qubanın ucqar kəndlərindən qazanc məqsədilə şəhərə gələn yerli əhalinin iştirakı ilə aparılıb.

XIX əsrin əvvəllərində Almaniyada cəmiyyət tərəfindən sıxışdırılan baptistlər çar Rusiyasına pənah gətirirlər. Rusiya isə onları Azərbaycana göndərir. Onlardan bəziləri Şəmkir və Tovuzda məskunlaşır. 100-ə yaxın ailə isə Xaçmazda yerləşdirilir. Həmin almanlar dəmiryol vağzalının və bu ərazidə tikilən Çörək zavodu, Su nasos stansiyasının tikintisində çalışıblar.

El arasında H.Z.Tağıyevin şərəfinə “Hacıbağı” adlandırılan vağzalın bir tərəfində onun atları, faytonu, digər tərəfində isə özünün dincəlməsi üçün xüsusi yer ayrılaraq ev tikilib. Təəssüf ki, ev sovet dövründə dağıdılıb.

Xaçmaz Dəmiryol Stansiyasının özünəməxsus memarlıq üslubu kinorejissorların da diqqətindən kənarda qalmayıb. Burada bir sıra məşhur Azərbaycan filmlərinin səhnələri lentə alınıb. Bu bədii filmlər arasında ən populyarı 1977-ci ildə rejissor Arif Babayev tərəfindən ekranlaşdırılmış “Arxadan vurulan zərbə” filmidir.

1988-ci ildə dövlət tərəfindən binada əsaslı təmir işləri aparılıb.1997-ci ildə dəmiryolunun 100 illik yubileyi ilə əlaqədar abidədə yenidən əsaslı bərpa-təmir işləri həyata keçirilib.