Şeyx Yusif türbəsi

Abidənin adı:

"Şeyx Yusif türbəsi”

Abidənin ünvanı:

AZ2720, Xaçmaz rayonu, Şıxlar kəndi, qədim qəbiristanlıq

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4301 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.480451

Y-koordinat: 48.680272

Abidənin tikinti tarixi:

Əsr: XV əsr

Tikinti ili: Məlum deyil

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur


Abidəyə dair tarixi məlumatlar: Xaçmaz rayonu ərazisində mövcud olan Orta əsr abidələrindən biri də Şıxlar kəndindəki Şeyx Yusif türbəsidir. Ziyarətgahın adı olduğu kimi saxlanılsa da, tikintinin əvvəlki görkəmi müəyyən səbəblərdən dəyişdirilib.

Türbədə dəfn olunmuş Mövlana Yusifin oğlu və davamçısı Məhəmməd Əminin məzarı üzərindəki başdaşında yazılmış kitabə qalıb. Abidənin birinci otağında yerləşdirilən qəbrin yazısı ərəb dilindədir. Nəsx xətii yazılan mətnin tərcüməsi belədir: "Bu qəbir Mövlana Şeyx Yusifin oğlu Məhəmməd Əminindir, səkkiz yüz altmışıncı il (1455-1456)".

Həmin kitabədən bir daha məlum olur ki, doğrudan da, xalqın türbəyə verdiyi ad bir həqiqətdir. Şeyx Mövlana Yusif özü də həmin məqbərədə dəfn edilib. Rəvayətə görə, həmin məqbərədə onun oğlundan başqa daha dörd müridi və həyat yoldaşı da dəfn olunub.

Yerli əhəmiyyətli memarlıq abidəsi olan türbənin sağ tərəfindəki qəbir-stellanın səthindəki ərəb dilində nəsx xətti ilə "Bu qəbir rəhmətlik, bağışlanmış Şeyx Əhmədin oğlu Şeyx Əzizindir" sözləri yazılıb.

Düzbucaqlı formaya malik stella (1.50 x 0.76 m) yuxarı hissədə çiyinlərlə tamamlanır. Mərkəzi hissəsi 2 sm dərinlikdə olaraq, trapesiya biçimli formaya malikdir. Eni 30 x 25 sm-dir (yuxarıdan və aşağıdan ölçüsü). Burada da yazılıb: "Bu qəbir Rəcəb və Məryəmin oğlu İbrahimindir. Səkkiz yüz otuz üçüncü il. Allah onlara və müsəlmanlara rəhmət eləsin. 833 (hicri)=1429/30".

Görkəmli tarixçi alim-ədib Abbasqulu ağa Bakıxanov mövlana Şeyx Molla Yusif haqqında “Gülüstani-İrəm” əsərində yazır: “Onun ulu babaları... Qubanın Müskür nahiyəsinə Qarabağdan gəlmişlər. Şeyx cənabları hicri tarixi ilə səkkizinci əsrin ortalarında dünyaya gəlmişdir. Təriqət mərasimini təkmil etdikdən sonra Seyid Yəhya Bakuvidən irşad xirqəsi almış və təriqət saliklərinin üzünə feyz və təbliğ qapılarını açmışdır... Şeyxin məzarı və onların yurdu olan kənd Şeyxlər adı ilə adlanmışdır. Onun əsərlərindən ancaq “Bəyan ül-əsrar” adlı ərəbcə kitabı bizə gəlib çatmışdır. Bir müqəddimə və 24 fəsildən ibarət olan bu kitab, əşyanın maddi və mənəvi xüsusiyyətlərinə, təriqət sahibləri və füqəranın adət və adabına aid olan geniş mövzuları müxtəsər bir surətdə izah edir. Hicri səkkizinci əsrin axırında vəfat etmişdir”. Mövlana Şeyx Yusifdən sonra onun nəzəriyyəsini oğlu Məhəmməd Əmin və digər müridləri Quba nahiyəsində təbliğ ediblər.